2 Mart 2016 Çarşamba

Kadim Türk Eli - Saka-Kimmer Boyları




Av Sahneleri ve Koçlar 
İskit - Kısmen yaldızlı Gümüş Kap - MÖ.4.yy
Solocha Kurganı - Ukrayna






Ön Asiyadan Azaq yaxalarına gedən və minil boyunca orada izləri itməyən saqa boylarının zaman-zaman müxtəlif bəylikləri və çarlıqları qurulub sonra dağılmışdır. Balkanlar üstündən yunan şəhərləri və Qara dəniz yaxalarında yunan kaloniyaları ilə bağlantısı olan saqalar antik dövrün mədəniyəti ilə yaxın təmasda olmuş, burada Abar, Toksar və Anaxars kimi filosoflar yetişmişdir. Hətta saqa elbəyinin yunan qızından olan oğlu Anaxars antik dövrdə “7 müdrik” sırasına düşmüşdür.


Saqaların antropoloji tipi və bu şəkildə olduğu kimi. qab-qacaq, bəzək əşyaları üzərində əks olunmuş görkəmləri türk tipindən seçilmir. Baxmayaraq ki, Herodotdan üzübəri antik çağ və Bizans qaynaqları Azaq saqaları haqqında xeyli bilgi vermişdir və son iki əsrdə bu bilgilər əsasında yüzlərlə tədqiqat əsəri yazılmışdır, ancaq hələ saqa problemlərinin əsas düyünləri açılmamışdır. Belə ki, bu düyünlər sırasında saqaların dili, etnik kökü və ilkin yurdu məsələləri öndə durur.


Əslində, bu problemləri saqalar və qədim tarixçilər deyil, sonrakı tədqiqatçı alimlər yaratmışlar. Belə ki, saqa boyları ilə təmasda olmuş və Saqa eli çağında yaşamış tarixçilərdən və min illik Bizans mənbələrindən tutmuş XVII əsrə qədər saqalardan danışan müəlliflər onlardan türk ulusu kimi bəhs etmişlər. Lakin sonrakı dövrlərdə saqaları monqol, finuqor, german (qot), slav (rus), hindiran (oset) və qafqazdilli xalq sayan yazarlar ortaya çıxmış, bu və ya digər adı çəkilən xalqın kökünü bütövlükdə saqalara bağlamağa çalışıb, saqaşünaslıqda qurama problemlər yaratmışlar.


Saqaların etnik mənsubiyəti ətrafında başlanan ajiotaj əsasən bütün dünyanı heyrətə salan Kerç yaxınlığındakı Kül-oba kurqanının, onun ardınca Oğuz, Solox, Çertomluk və digər kurqanların açılması ilə başlansa da, bundan qabaq da saqalar yalnız bu və ya başqa bir etnosun sələfi kimi təqdim olunur, belə mövqe daha çox rusofil və iranofil alimlərin yazılarında ortaya çıxırdı. Hətta, skit məsələsinə bu cür yanaşmaya dözməyən A.Şletser hələ XIX əsrin ilk illərində yazmışdı ki, üç minillik nağıl və əfsanəvi tarixdənsə rusların 600 illik gerçək tarixi öyrənilməli və nəhayət, ruslar skitlərdən əl çəkməlidir. Çertomluk kurqanını açan E.İ.Zabelin isə skifləri monqol və irandilli boylara bağlayan alimlərin fikrini qəti rədd edirdi.


Yuxarıda deyildiyi kimi, antik dövr müəllifləri, Bizans mənbələri, çinhind qaynaqları saqa//skit tayfalarından həmişə türk boyu kimi bəhs etmişlər. Andrey Lızlovun 1692-də yazdığı “Skiflərin tarixi” adlı əsərində skitlər yalnız türk kimi təqdim olunmuş, XIX əsrin son illərində Herodotu, о cümlədən digər qədim müəlliflərdən bir neçəsini tərcümə edən və elbəyi saqaları (царские скифы) türk sayan görkəmli filoloq F.Q.Mişşenko, macar alimlərindən “Kodeks Kumanikus” abidəsini incələyib çap edən G.Kuun, “Bizantino- Turkika” əsərinin müəllifi G.Moravçik, həmçinin tanınmış altayşünaslar həmin mövqedə dayanmışlar.


Z.V.Toğan, M.Z.Zəkiyev, M.A.Xabiçev, İ.Durmuş, Q.Qeybullayev və başqa türkoloqlar da saqa (skit) - türk paralellərinə aid xeyli misallar vermişlər. Saqaların miqrasiyası, etnik mənşəyi, elbəyi saqaların türklüyü, onların şəcərəsi, filosofları, mifologiyası, təsviri sənəti və xalı-xalçası haqqında bizim də müəyyən araşdırmalarımız olmuşdur.


E.H. Mins saqaları türk və irandilli boyların türk dominantı ilə qarışığı sayır.  XX əsrin bəzi iranşünasları (V.F.Müller, M.İ.Rostovtsov, J.Dümezil, V.İ.Abayev və b.) saqa boylarının yalnız irandilli (osetlər) olduğunu yazırlar. İ.Əliyevin başçılığı ilə bəzi Azərbaycan tarixçiləri də ölkəmizdə yalnız irandilli saqa (skit) izini axtarırlar.  Halbuki bütün böyük dövlətlərin, imperiyaların içində müxtəlif dilli xalqların olması və bunların çox vaxt dövləti quran boyun adı ilə tanınması normal haldır. Məsələyə bu yöndən yanaşanda gerçək mənzərə ortaya çıxır. Bunun üçün öncə qədim tarixçilərin saqa etnoniminə hansı mənanı yüklədiyini və bununla bağlı hansı şərhi verdiyini nəzərə almaq lazımdır.


Saqalar haqqında ən geniş məlumatı verən Herodot doğuda saqa kimi tanınan xalqa batıda skuth (Σ ςϑ αη) deyildiyini və burada “baş eli” təşkil edən saqa boyunun “oı βασηι ηοη Σ ςζαη” (basilei skuthlar) adlandığını, “elbəyi skuth” boylarının toplumuna özlərinin skolot (Σ οιοτοη) dediyini yazır.  Belə ki, yunanlar Azaq yaxasına gələn boyları saqa adı ilə deyil, skuth adı ilə tanımışlar. Sonrakı qaynaqlarda skuth ~ skith formasında işlənən bu etnonimi raslar ilk dönəmlərdə skuf şəklində yazırdılar, sonralar isə onu skif şəklinə saldılar və indi elmi ədəbiyatda bu son variant işlənir. Türk alimləri də bu adı iskit şəklinə salmışlar. 


Göründüyü kimi, həm skif, həm də iskit formaları yanlış yazı ilə ortaya çıxıb geniş yayılmışdır. Əslində, belə yanlış yazı ilkin skuth formasında da vardır, belə ki, yunan yazarları Mada adını Midiya şəklinə saldıqları kimi, ilk dəfə eşitdikləri Sakat adını da Skith-ə çevirmişlər. Bəlkə də, bunu Misir ölkəsində onlara əvvəldən tanış olan Skit gölünün adına oxşatmaq istəmişlər. О dönəmdə saqa toplumunda bəzi boyların adının öz dillərində çoxluq bildirən formada saqat (skuth) və ya saqaelat (skolot) kimi işlənməsi də təbii idi.


Skitlər kimi tanınan massaqet (baş-saqet), tissaqet (dışsaqet) və skit çarının qardaşı kimi verilən Marsaqet (Bar-saqet) adlarında da saqet hissəsi görünür. Buradaca qeyd edək ki, saqa elatı ifadəsindəki bənzər modelə sonralar Anadoluda sekatelli (saqat elli) əşirətinin adında rast gəlmək olur. Skit forması qədim Dağıstanda Siqit-min şəhərinin adında qaldığı kimi, Saqat formasının da müxtəlif bölgələrdə izi vardır. Bunu da nəzərə alaq ki, İranda hələ də 9 kəndi əhatə edən Saqat və 16 kəndi əhatə edən Saxeli adlı dexes-tan (rayon) vardır.


Asur mənbələrində aşquza//işquza, yəhudi mənbələrində aşkenaz kimi yazılan bu etnonim birinci halda saqath > *squtha >aşquδa // işquδat əvəzlənməsi ilə, ikinci halda isə R.Frayın dediyi kimi, sadəcə SKWZ formasının səhvən ʻ ŞKNZ şəklində yazılıb yayılma ənənəsi ilə bağlıdır. Avropaya gedən saqatların içində saqa etnonimi də vardı. O.N.Trubaçyova görə, təkcə Dneprin doğu tərəfində Saqa adlı 4 çay vardır və bunlardan ikisi “əski” (старая) və “uzun” (долгая) təyinləri ilə işlənir.


Saqatların bir qismi doğuda qalmışdı; saqat (saqait) boyuna dayanan fateh Çingiz xanın çin mənbələrində qara tatar soyundan törədiyi söylənirdi.  Azərbaycanda da saqatların xeyli izi vardır: Pir-Saqat, Saxat çuxuru, Sahatlı və sair. Minillər boyunca qaynaqlarda Asiya saqaları ilə Azaq saqaları (skitlər) birbirindən fərqləndirildiyi üçün biz də müvafiq məqamlarda saqa, saqat (skit) və Saqatya (Skitiya) deyimlərini işlədirik.


Saqatyada m.ö. VIII əsrin sonlarında toplumun içindən hakim mövqeyə çıxmağa cəhd edən saqat boyları ətraf bölgələrə təzyiq və hücumlar edirdilər. Görünür, belə təzyiqlərdən biri də qamər (kimmer) boylarının yaşadığı bölgədə baş vermiş və qamər boylarının xeyli hissəsi yerlərini tərk edib, Güney Qafqaza və Kiçik Asiyaya köçmüşlər. Azaq bölgəsində nüfuz dairəsini genişləndirən saqat boyları artıq VII əsrin sonunda qamər, aqatirs, budin və sair türk boyları ilə yanaşı, slav, hindiran, finuqor, qafqaz-dilli boyların da yaşadığı bəzi bölgələrə nəzarət edirdi və bütün bu bölgələr Saqatya adlanırdı. Saqalar türk törəsinə uyğun olaraq, ildə bir dəfə elbəyin oturduğu bölgədə toya yığışırdılar. Qədim qaynaqların qeyd etdiyi Böyük Saqatya bəzən geniş anlamda Karpatdan İtilə qədərki Qara dəniz, Azaq dənizi və Xəzər dənizi arası bozqırları və Kuban düzünü də əhatə edən ölkə kimi, bəzən də dar anlamda yalnız Azaq yaxası bölgələri əhatə edən ölkə kimi verilir. Bu son anlamda işlənən Kiçik Saqatya isə əvvəllər Kimmeriya adlanırdı, çünki saqatların sıxışdırıb yerindən çıxartdığı qamər boyları öncə bu bölgədə yaşayırdı.






Herodot və digər tarixçilərin vaxtilə saqat elbəyləri haqqında yazdıqlarını əfsanə sayanlar da vardı, lakin bu çarlardan bəzilərinin adına kəsilmiş sikkələrin tapılması belə şübhələrə son qoydu və həmin çarların hakimiyət illərini müəyyənləşdirməyə kömək etdi. Tarixdən bəllidir ki, m.ö. IV əsrdə Qara dəniz quzeyində saqa boylarını birləĢdirib, qısa müddətdə ətraf bölgələri özünə tabe etdirən çar Atey 90 il ömür sürmüş, Makedoniyalı İskəndərin atası Filiplə döyüşdə (m.ö. 339) ölmüşdür.


Azaq bölgəsində türkcə olan saqat toponimlərini, qapı, balıq, əppək, qardaş kimi mənası aydın olan sözlər və şəxs adlarını bura əlavə etmək olar. Belə şəxs adlarını saqat elbəyləri (çarları) və bəyləri arasında görmək olur.


Qədim tarixçilərin qeyd etdiyi və tam dəqiqləşdirilməmiş yuxarıdakı soy şəcərəsindən də göründüyü kimi, bəzən yunan qızları ilə evlənmiş saqat elbəylərinin oğlanlarının bəzisi yunan adı daşıyır. Bunu nəzərə alsaq, buradakı şəxs adlarından çoxunun türkcə olması aydın seçilir. Belə seçilmə tarixi mənbələrdə və xüsusilə, Azaq bölgəsindən tapılmış anıt yazıları (epiqrafiyalar) içində də vardır:


Kadanaq(os) Azark
Kapanaqos Mouqisaq
Sanaq(os) Skunxa
Arzamok Amizok
Peyoxnaq(os) Asar(os)
Kokounaq(os) Badaq
Arqovanad(os) Metak
Somax Atta Baksaq
Ospinmaz(os) Marsaqet
Olkabas Atamaz(os)
Okoziaq(os) Pinmaz(os)
Oyziaq(os) Boropsaq
Oyaraq(os) Toksar(is)
Oyazaraq(os) Attamaz(os)
Qadın adları: Opoy, Parmatta, Xarmata


Saqa elbəy sülaləsində olan adların bir qismi təmiz türkcədir: Qnur (Qonur), Savlı, Palak, Sariak, Atey (Ata), Tanuz. Bəzi adlara qoşulan yunan dili şəkilçisini (-os, -is) çıxandan sonra saqat adlarında -maz//-məz inkarlıq şəkilçisi ilə (Ospinmaz, Pinmaz, Attamaz, Atamaz), bas feili ilə (Ölkə-bas), isim düzəldən -aq şəkilçisilə (Sanaq, Badaq, Somax) və sair türk dili morfemlərilə düzələn şəxs adı modelləri açıq görünür. Saqat şəxs adlarında dilimizdəki tozanaq, döyənək, bacanaq tipli isim düzəldən qədim  anaq//-ənək şəkilçisi öz aktivliyilə diqqəti çəkir (Arqovanaq, Kadanaq, Kokounaq, Kapanaq), lakin bu adların bəzisi bu gün azər dilində işlənən anlamından fərqlənir. Belə ki, Kapanaq şəxsadı kəpənək “yapıncı” anlamında olmayıb, qap - feilindən düzələn “qapağan” və “qapıcı” anlamında işlənmişdir. 




Buradakı adların üzərində geniş dayanmağa imkan yoxdur, güman edirik ki, dcyilənlər saqat dilinin təmiz türkcə olmasına şübhə yeri qoymur. Xersones şəhərində üzə çıxan keramik qablar üzərində bəzi dulusçuların qoyduğu imzaları araşdıran R.B.Axmarov bunların sırasında Hrakl, Askl və Ata kimi yazılmış ustaların özəl adlarının, bəzilərində isə (№87 Σθςζηθόν, №89 Ταςπηθόν) etnik mənsubiyətin qeyd olunduğunu yazır.





QƏDİM TÜRK ELİ: SAQA-QAMƏR BOYLARI
Firidun Ağasıoğlu, 2006














Av Sahneleri ve Koçlar 
İskit - Kısmen yaldızlı Gümüş Kap - MÖ.4.yy
Solocha Kurganı - Ukrayna