Ön Asiyada m.ö. III-II minillərin qovuşuğunda mixi yazı sistemindən fərqli olaraq, başqa bir yazı sistemi də formalaşırdı. Bu sistem də mixi yazı kimi loqoqramlar əsasında yaranıb get-gedə sillaboqram (hecalı yazı) xarakteri alırdı, lakin söz-heca xarakterini dəyişə bilməyən mixi yazıdan fərqli olaraq, buradakı loqoqramlar tam və yarıheca bildirən işarələrə çevrilirdi. Artıq II minilliyin ortalarında Aralıqdənizinin doğu bölgələrində hecalı yazılar yayılır, onların az saitli sami dilləri üçün münasib olan samit hərfli variantları ortaya çıxırdı. Bunlara paralel olaraq, sait səsləri də bildirən türk runik əlifbası abc tipində müxtəlif dillər üçün əlifbaları yaranırdı.
Türkologiyanın bir nömrəli problemi sayıla bilən türk runik əlifbasının mənşəyi məsələsinə onlarla yazı həsr olunsa da, bugünə qədər doğru həllini tapmamışdır. Türk runik yazıların xronoloji həddinin hələ aydın olmadığını, qaynağı və gerçək yaşı haqqında baxışların yanlış olduğunu vurğulayan A. S. Amanjolov düzgün olaraq qeyd edir ki, türkologiya elminin perspektivi runik yazının mənşəyi və genetik əlaqəsi probleminin düzgün həllindən asılıdır. Bu problemin çözümü prototürklərin ilkin Atayudu coğrafiyasına işıq tutan Urmu teoriyası üçün yeni bəlgələr ortaya çıxarır. Türk runik əlifbasının daxili strukturu, qrafik fondu onun mənşəyi və genetik əlaqəsini Orta Asiya, Türküstan və Güney Sibirdə deyil, Aralıqdənizi yaxalarında yaranan hecalı yazılar içində axtarmağı zəruri edir. Bu yöndə A. S. Amanjolovun tədqiqatı və apardığı müqayisələr aydın göstərir ki, türk runikasının yaranması birbaşa Aralıqdənizi əlifbaları ilə bağlıdır. Bu regionda yaranıb yayılan hecalı əlifbalar haqqında yazı uzmanlarının verdiyi məlumat diqqətə alınsa, Kiçik Asiyanın batı, Suriyanın quzey bölgələrində və Bibl, Finikiya, Fələstin, Krit, Kipr, Miken, Yunan, İtaliya ərazilərində tapılan qədim yazı örnəklərinin Orxon-Yenisey yazıları ilə eyni mənşəli olub, qarşılıqlı təsirlə formalaşdığını görmək olar. Lakin bu yazıların bir qismi yalnız samit hərfli, bir qismi də əlavə sait işarələri olan fonetik əlifba istiqamətində inkişaf etmişdir.
Yalnız samitləri yazılan sözlərin oxunuşu qarşıya hədsiz çətinliklər çıxarır. Belə əlifba sait səsləri az olan sami dilləri üçün nisbətən yararlı idi, lakin türk dilinə yaramırdı. Xüsusilə hərf düzümündə söz sərhədləri bilinməyən srdnlslcnxtn tipli yazıları oxumaq çətin olurdu. Belə yazını həm srdnl slcn xtn hissələrinə ayıra bilmək, həm də bu yazının sarıdonlu selcan xatun kimi oxumaq üçün xüsusi bilik və vərdiş tələb olunurdu. Bu problemi aradan qaldıran türk runikasında saitlər üçün 4, samitlər üçün 30-a qədər işarədən, söz sərhədini bildirmək üçün isə ayrıca işarə və nöqtələrdən istifadə olunurdu. Burada da samit hərflərin çoxu həm heca, həm də ayrıca fonem kimi oxunurdu. Məsələn, azər və üzrə sözlərindən birincisi zr (azər], ikincisi isə ÜzrE [üzrə] şəklində yazılırdı.
Bibl yazısı.Tunc lövhə üzərində yarıloqoqramyarıhecalı sağdan sola oxunan yazı.
Bibl işarələri. Bibl yazılarında Göytürk hərflərilə eyni işarələr.
Finikiyanın quzeyində qədim Bibl şəhərindən tapılan daş və tunc lövhə üzərində müxtəlif həcmli 10 yazını nəşr edən M. Dünan burada loqoqram və heca bildirən 115 işarə olduğunu aşkar etmişdir. Sonra bir çox əlifbaların törəməsinə təkan verən Finikiya əlifbasının məhz Bibl yazıları bazasında yaranması və bunların türk runikası ilə eyni işarələrə malik olması faktını nəzərə alanda Bibl yazıları böyük əhəmiyət daşıyır....
Bu yazılar yaranma tarixi baxımından da maraq kəsb edir. Belə ki, m.ö. III minilin sonu, II minilin əvvəlinə aid arxeoloji qatda tapılan yazılı lövhələrin bəzisi m.ö. XXII əsrə aid edilir. Həmin çağlarda sönməkdə olan Kür-Araz arxeoloji kulturunun lokal variantı məhz bu bölgələrdə ortaya çıxır və maraqlıdır ki, ilk dəfə sami mühitində işlənən Azər adına da Bibl yazılarında ('Azar-ba'l yazısı) rast gəlirik.
Hələlik şifrəsi açılmayan Bibl yazıları şərti olaraq sami dilinə aid edilir. Halbuki, bu yazı texnikasını mənimsəyən və sonralar samiləşmiş finikiyalıların ilkin dil mənsubiyəti də hələ müəyyən olunmayıb. Bibl heca yazısında işlənən işarələrin çoxu türk runik yazısının qrafik fondu ilə eynidir. Bu oxşarlığa əsaslanıb dil eyniliyi və yaxud eyni hərflərin eyni səsi bildirməsi haqqında fikir söyləmək olmaz. Lakin bu da aydındır ki, hər iki əlifba eyni mənşəli olub, yaranma tarixi baxımından da eyni dövrə aiddir. Bibl yazılarından törəyib, m.ö. XII-I əsrlər arasında Aralıqdənizi adalarına, Yunan və İspan ərazilərinə qədər yayılan finikiya əlifbası müxtəlif bölgələrdə tapılmışdır. Dəniz ticarəti ilə məşğul olan finikiyalılar bu əlifbanı ayrı-ayrı ölkələrə yaymış, Finikiya əlifbasını öz dillərinə uyğunlaşdırmağa çalışan ayrı-ayrı xalqların çeşidli əlifbaları ortaya çıxmışdır.
[Türk boyları ilə də Finikiya dənizçi-tacirlərinin kontaktı mümkün idi. Dolayı bəlgələrdən biri Kilikiyanın Əyricətəpəsi bölgəsində qədim Misir mənbələrində Qaratepe(t) adlanan indiki Qaratəpədə m.ö. VIII əsrə aid Finikiya yazısının tapılmasıdır]
Finikiya əlifbasının ilkin yayılma çağında İkiçayarasının quzey-batı bölgələrinə gəlib yerləşən samidilli arameylər burada işlənən sumer-akad mixi yazı sistemini yox, Finikiya əlifbasını mənimsədilər və m.ö. IX əsrdən bu əlifbanın samit hərfli variantını inkişaf etdirib bütöv regiona yaya bildilər. Hələb, Zəncirli, Dəməşq, Karkemiş bölgələrində kiçik bəylikləri olan arameylər buradakı sələfləri kimi qüdrətli dövlət qurmasalar da, onların yazısı fonetik əlifbaya yaxın olduğu üçün müxtəlif dilli xalqlar onu asanlıqla mənimsəyir, müəyyən əlavələr edib yerli variantlarını yaradırdılar. Bu əlifbadan törəyən Parfiya (parth), Siriya əlifbaları lokal bölgələrdə işlənsə də, missionerlərin Babildən tutmuş İran, Orta Asiya, Hindistana qədər aparıb çıxardığı soqd əlifbası doğu ölkələrdə daha çox yayıldı və bir çox yeni əlifbaların yaranmasına səbəb oldu. Soqd və ondan törəyən manixey, uyğur əlifbaları ilə türkcə yazılmış abidələrin olması bəzi yazı uzmanlarını türk runik əlifbasının mənşəyini də aramey-soqd xəttinə bağlamağa sövq etmişdir. Halbuki, türk runik əlifbası daxili strukturu, qrafik fondu və yazı texnikası ilə soqd əlifbasından ən azı 1500 il qədimdir.
Qaynağı uzaq keçmişdə olan türk runikası da zaman-zaman geniş ərazilərə yayılmışdır. Müxtəlif dövrlərdə onun izinə Azərbaycan, Quzey Qafqaz, Avropa, Orta Asiya, Sibir və Doğu Türküstan bölgələrində rast gəlmək olur. Bu əlifba əksər türk boylarının gündəlik yazı sisteminə çevrilməsə də, bir çox boylar müxtəlif çağlarda ondan istifadə etmiş, böyük zaman kəsiyini əhatə edən yazıların çoxu məhv olsa da, müəyyən qismi bu günəcən Avrasiyanın ayrı-ayrı bölgələrində qalmışdır. Türk əlifbasını Aralıq dənizi hövzəsində yayılmış əlifbalarla müqayisə edəndə aydın olur ki, türk əlifbası xeyli ortaq qrafik fondun daha qədim qismini saxlamışdır. Bu sxemdə yarıheca və fonematik əlifbaların yaranmasındakı ardıcıllığı və əlaqələri belə vermək olar:
[Məncə, Avropaya türk runik yazılarını hunlardan öncə saqa-qamər boyları aparmışdır, burada german və macar runik yazılarının qrafik fondu türk runikası ilə eyni olsa da, eyni hərflərin bildirdiyi səslər xeyli fərqlənir. Bu təbii olaydır, çünki əlifbanın ifadə etdiyi dil və ya dialekt fərqli olanda və ya eyni dilin daxilində səs quruluşu inkişaf edib dəyişəndə işarələrin bir qismi əvvəlki dildə olmayan səsləri bildirməyə xidmət edir. Hətta Göytürk xaqanlığının bir qolu olmasına baxmayaraq, Xəzər dövlətində istifadə edilən runik əlifbada da bir neçə hərf Orxon-Yenisey yazılarından fərqlidir.]
Əlbəttə, bu sxemdə bütün əlifbalar yox, yalnız türk boyları ilə birbaşa və dolayı əlaqəsi olan əlifbaların inkişaf xətti verilmişdir. Sxemdə verilən xətlər boyu biri digərinin yaranmasına səbəb olan və bir-birinə qarşılıqlı təsirlə yeniləşən hecalı, yarıhecalı və fonematik əlifbaların inkişafı üç əsas istiqamətdə inkişaf etmişdir. Sağ və orta cinahda Finikiya əlifbasından törəyən, sol cinahda isə türk runikası və ondan törəyən əlifbalar yer tutur. Yuxarıda deyildiyi kimi, bir əlifbadan digərinə keçəndə müəyyən fərqin ortaya çıxması zəruridir, lakin eyni mənşəli əlifbalar üzərində nə qədər dəyişmə əməliyatı aparılsa da, ümumi qrafik fondun xeyli hissəsi mühafizə olunur. Bunu biz 1991-də bərpa etdiyimiz latın qrafikalı Ortaq Türk əlifbasında gördük. Əslinə baxanda, biz bugün türk runikası ilə eyni mənşəli olan bir yazı sistemindən istifadə edirik. Finikiya əlifbasının bir qolu da yunan əlifbasının formalaşmasına təkan vermişdi. Əvvəllər bu bölgədə işlənən heca yazılarından fonetik əlifbaya yaxınlığı ilə fərqlənən yeni yunan əlifbası aramey yazısı ilə eyni çağda təşəkkül tapdı. Xristianlığın yayıldığı çağlarda isə yunan və aramey əlifbalarının təsiri ilə gürcü və hay əlifbaları yarandı.
[Hay əlifbasının mənşəyi barədə müxtəlif fikirlər vardır. M. Maştosun V əsrdə yunanlı kalliqraf Rufanın köməyi ilə tərtib etdiyi bu əlifbanın orijinal olmadığı, türk, yunan və aramey hərfləri əsasında yarandığı barədə ötəri şərh vermişdim («Azər xalqı», 295). Tanrının yardımıyla vaxt tapsam, gələcəkdə həmin şərhin geniş variantı, alban yazısının mənşəyi, nə üçün gürcü əlifbasının xutsuri (kilsə yazısı) qolundan fəqlənən ərən yazı qolunun mxedruli (baxadur) adlanması haqqında ayrıca məqalə yazmaq fikrindəyəm.]
Bir zamanlar uyğur boyları da türk və soqd əlifbalarından istifadə etmişlər. Əlifba dəyişikliyi dövrün siyasi-iqtisadi durumundan asılı olaraq baş verir. Bu olayda yazı texnikasının təkmilləşməyə olan meyli, mədəni səviyə və zamanın tələbi də mühüm rol oynayır. Bu baxımdan, bugün dünya xalqlarının ən çox istifadə etdiyi latın qrafikalı əlifbaların yayılma səbəbi qərb elmi və texnologiyasının müxtəlif ölkələrə ekspansiyası ilə bağlıdır. Ola bilər ki, yaxın gələcəkdə dünya xalqları vahid əlifbaya doğru axtarışlarda bulunacaqlar. Müasir əlifbalardan çoxunun qaynağında finikiya, onun da qaynağında Bibl yazıları durur. Bibl yazıları ilə eyni qaynaqdan törəyən türk runik əlifbası isə arxaik formasını və əsas qrafik fondunu saxlamaqla ayrı-ayrı lokal bölgələrdə kiçik fərqlərlə işlənmişdir. Bu əlifbanın Azərbaycan üzərindən Quzey Qafqaz və Orta Asiya-Qazaxstan-Güney Sibir istiqamətində aparılma tarixi m.ö.II minilin ortalarından başlanan quzey və doğu köçlərlə bağlı ola bilər. Hər halda, İrtış və İli çaylarının yaxınlığında tapılan sümük toqqa və gümüş qab üzərindəki arxaik türk runik yazısı m.ö.V əsrə aid olduğundan onun bu bölgələrə daşınması həmin tarixdən gec ola bilməzdi.
Nəzərə almaq lazımdır ki,Yenisey yazılarının bir qismi m.ö.VII-IV əsrlərə aid olan balıq formalı daşlar üzərində yazılmışdır. Bu əlifba həm də ona görə qədimdir ki, ən qədim cızma-döymə yazı texnikası ilə ilkin ağac-daş yazı materialı üzərində yazılan düzxətli işarələrdir. Türk boylarının yazısı barədə qədim mənbələrin verdiyi məlumat məhz bu runik əlifba haqqında ola bilərdi, çünki m.ö. III-I minillərdə bir sıra türk boyunun Aralıqdənizi qıyılarında görünməsi arxeologiya, tarixi onomastika və başqa qaynaqlarda var. Tutarlı faktlardan biri də elə runik əlifbanın özüdür. Belə ki, türk runikası ilə eyni qaynaqdan yaranmış Finikiya əlifbası əsasında formalaşan Aralıqdənizi bölgələrində abc ilə başlanan əlifbaların qrafik fondu xeyli dəyişikliyə uğrasa da, onlardan bir çoxunun türk runikası qrafik fondu ilə eyniliyi və yaxın səsi bildirməsi faktı bu cədvəldəki müqayisədə aydın görünür.
Müqayisədən görünür ki, türk, etrusk, finikiya, aramey əlifbalarında eyni səsi bildirən çoxlu ortaq hərflər vardır. Bəzi hərflərin fərqlənməsi də təbii haldır, çünki əlifbalar dildən-dilə keçdikcə müəyyən dəyişmələrə məruz qalır. Türk işarələrinin yunan hərflərindən daha çox finikiya hərflərinə yaxınlığı hər ikisinin yunan əlifbasından daha əvvəllər yaranma tarixinin xronoloji yaxınlığı ilə bağlıdır. Türk yazısının sonralar İtaliyaya gedib, əsasən Toskana bölgəsində yerləşən etruskların əlifbası ilə yaxınlığı isə qədim türk (etrusk) boylarından birinin bu əlifbanı Kiçik Asiyadan ora aparması ilə əlaqəlidir. Etrusk əlifbası deşifrə olunsa da, ifadə etdiyi dil hələ açılmamışdır. Etrusk yazılarının yeni açımı və türkcə oxunuşu barədə «Azər xalqı» kitabında məlumat verdiyim üçün burada həmin məsələ üzərində geniş dayanmaq istəmirəm. Lakin bir şeyi burada qeyd etmək vacibdir ki, etrusk yazıları yaxın qonşuluğundakı yunan əlifbasından fərqli olaraq, türk yazılarında olduğu kimi, əsasən sağdan sola və bəzi yazılarda birinci sətir sağdan, ikinci sətir soldan, yəni bustrofedon üsulla oxunur. İndiyə kimi bu yazılarda etruskoloqların duya bilmədiyi imla qaydalarından biri də
işarəsinin sözayırıcı funksiyasıdır. Durğu işarəsi kimi nöqtə ilə yanaşı, həmin işarənin türk runikasından qalan bu
imla xüsusiyətini nəzərə alanda bir çox etrusk yazıları rahat oxunur.
[«Azər xalqı», 149-153; Bu məsələlər çapa hazırlanan «Etrusk-Türk bağı» bitiyində daha geniş şərh olunmuşdur.]
Tas və gümüş qab üzərində yazılmış bu etrusk və türk yazısı təxminən eyni vaxta (m.ö.VI-V əsr) aid olsa da, türk yazısı əlifba sisteminin daha arxaik forması ilə seçilir: Etrusk-türk dil paralelliyi yazı qaydalarında da özünü göstərir. Məsələn, oğlan sözünün etrusk dilində sağdan sola oxunan (o)klan variantı yazılma qaydasına görə türk yazısından fərqlənmədiyi kimi, bəzi məqamlarda sait səslərin işarə olunmaması da hər iki əlifbada keçmiş yazı gələnəyidir:
[Yazılar bu mənbədən alınmışdır: Немировский, 1983, 69; Аманжолов, 1978, 83. Etrusk qabında mənim oxuduğuma görə, tasın (qabın) üzərindəki yazının qara it ilində çızılması (eşilməsi) və bu tasın yiyəsi Qunum adlı ərin (döyüşçünün?) Tuskak elindən olması məlumatı yazılmışdır («Azər xalqı»,152). Issık yazısını da biz belə oxumuşuq: «Koçu añısı ağ ebi oğuz ər için Uquzgü çizib».]
Azərbaycanda türk runik yazıları fraqmentlər şəklində tapılsa da, onların qrafik fondu arxaikliyi ilə diqqəti çəkir. Ə. Şükürlünün nəşr etdirdiyi Cəlilabad bölgəsində tapılmış ağırşak üzərindəki yazıda, həmçinin Yanıqlı kəndində tapıb üzünü köçürdüyüm yazı ilə İ. Doğanın verdiyi Qarakənd abidəsi arasındakı oxşar üslubda bu qədimlik aydın görünür:
Runik yazının mənşəyi haqqında söylənmiş fikirlər üç qrupa ayrılır: Birinci qrup türk runik yazının m.s. IV-VI əsrdə doğuya gətirilmiş parth, aramey və ya soqd əlifbasıından törədiyini, ikinci qrup türk damğalarından yarandığını, üçüncü qrup isə m.ö. II-I minillərdə Aralıqdənizi hövzəsində işlənən hecalı yazıdan törədiyini söyləyir. Birinci fikrin tərəfdarları faktlara deyil, gümanlara söykənir. Damğa xəttini müdafiə edənlər epizodik şərhlərlə kifayətlənməli olurlar. Faktik materiala söykəndiyi üçün əvvəllər tərəfdarı olduğum üçüncü fikri isə ilk dəfə elmi əsaslarla S. A. Amanjolov irəli sürmüşdür. Yuxarıda verdiyim Bibl-Türk işarə paralelliyi və finikiya, etrusk, yunan, aramey işarələri ilə türk runik işarələrinin müqayisəli cədvəli runik yazının Aralıqdənizi bölgəsində yaranması fikrini qüvvətləndirir. Lakin bu, runik əlifbanın türk damğalarından yaranması ehtimalını inkar etmir.
XIX əsrdən üzübəri V. Tomsen, A. Şifner, İ. A. Aristov, N. Q. Mallitski, E. D. Polivanov, A. C. Emre, İ. A. Batmanov, A. Bekmıradov və bir çox başqa alimlər runik əlifbanın qədim türk damğalarından yaranması fikrini bəzən güman, bəzən də qəti şəkildə söyləmiş və bir neçə örnəklə bu fikri əsaslandırmaq istəmişlər. Lakin onlardan daha əvvəl damğa-əlifba xəttini türkmən şairi Əndalıp «Oğuznamə» əsərində qələmə almışdır, çünki xalq arasında qədim çağlardan yazının 24 boyun damğasından törəməsi, boylara isə damğaların Oğuz-xan tərəfindən verilməsi inamı vardı.
Ümumiyətlə, əksər xalqların əlifbası bu və ya digər şəxsin adı ilə bağlanır. Doğrudur, bəzi tarixi şəxslər müəyyən milli əlifbanın yaranması və təkmilləşməsi üzərində işləmişlər. Belə ki, hay əlifbası Maştos-Rufan, kiril əlifbası Kiril-Mefodi və I Pyotr, qot əlifbası Vulfil tərəfindən işlənib cilalanmışdır. Lakin daha qədim çağlarda ortaya çıxan əlifbaların tanrı və ya ulu boybaşı tərəfindən yaranması mifi müxtəlif xalqlarda geniş yayılmışdır.
Bu miflərə görə, Oğuz-xan türk yazısını, Musa peyğəmbər yəhudi əlifbasını, Tot və İside Misir heroqlifini, Hermes yunan əlifbasını yaradıb. Belə miflər bəzən yarıgerçək şəkildə qədim tarixçilərin əsərlərinə də yol tapmışdır. Herodot yazır ki, yunanlılar yazı sənətini finikiyalılardan öyrəndilər, bu məlumatı təkrar edən Tasit etrusk əlifbasının da Demerat tərəfindən yaradıldığını qeyd edir. Əlbəttə, bütün bu məlumatlar diqqətə alınası qaynaqlardır, lakin gerçəklikdən uzaq olduğu üçün elmi tutalqa ola bilməz. Bu baxımdan, türk runik yazının Oğuz-xan tərəfindən yaradılması fikri yalnız xoş bir mifik güvəncdən başqa bir şey deyildir. Oğuzxan türk yazısının yaradıcısı yox, artıq ortalıqda olan bu yazını təkmilləşdirən və ya qədim türk mənbələrində deyildiyi kimi, runik yazı işarələrini 24 oğuz boyuna damğa kimi verilməsini gerçəkləşdirən ulu öndərdir. Məsələyə bu yöndə yanaşanda bəzi boy damğalarının doğrudan da, onların adındakı ilk səsi bildirən runik işarələr olduğunu aydın görmək olur:
Buradakı sxemə damğalara aid əvvəlki bölmədə verdiyim 11 oğuz boyunun damğaları ilə Azərbaycan damğaları arasındakı oxşarlığı əks etdirən bəlgələri də əlavə etsək, Oğuz-xan tərəfindən verilən və Kaşğari, Yazıcıoğlu, Rəşidəddin, Əbülqazi tərəfindən qeyd olunan boy damğalarının runik yazılarla əlaqəsi aydınlaşar. Türk runikasının damğalardan yaranması fikri daha maraqlıdır. Belə ki, Oğuz-xan çağında 24 oğuz boyunun damğasına çevrilən əksər runik işarələr daha qədim çağlarda işlənmiş damğalardan yarana bilərdi. Mindən artıq damğanı araşdıran L. İ. Lavrova görə, Qafqaz, Krım və Orta Asiya damğaları ilə türk runik yazısı arasında birbaşa bağın olduğunu söyləməyə əsas vardır.
Türkmən alimi A.Bekmıradov türk runikası ilə oğuz-türkmən damğaları arasında olan əlaqə haqqında söylədiyi fikri əsaslandırmaq üçün xeyli nümunə vermişdir. Lakin türk runik yazının yaranması tarixini Makedoniyalı İskəndərin yürüşündən sonrakı türk-yunan əlaqələrinin yaranması dövrünə aid etmiş və bunu Oğuz-xanla eyniləşdirdiyi hunların öndəri Mete ilə bağlamaq istəmişdir. Damğa ilə runik işarələr arasında əlaqə axtaran C. Cəfərov isə Azərbaycan piktoqram və damğalarını oxumağa çalışsa da, vaxtsız dünyasını dəyişən alim tədqiqatın daxili sistemini qurmağa imkan tapmadı.
Türk runik işarələrinin qədim türk damğalarından törəməsi fikri elmi sübutdan hələlik uzaq olsa da, bu sahədə aparılan yeni elmi axtarışa işıq tutmaq üçün türk runik işarələrinə oxşayan və bəziləri də eyni olan Azərbaycan damğalarını verib, onları runik hərflərlə qarşılıqlı müqayisə etməyi gərəkli sayıram. Buradakı müqayisəyə digər türk bölgələrində də tapılan analoji işarələri əlavə edəndə həmin paralelliyin faktoloji dəyəri bir neçə qat artacaqdır:
Beləliklə, ortalıqda oğuz boy damğalarının runik işarələrdən, onların da qədim damğalardan törəməsi fikri vardır, lakin nəzərə alınmalıdır ki, damğaların çoxu daha qədim loqoqramlardan yaranmışdır. Sxemdəki nümunələrdən bəzisi əvvəllər də runik işarələrlə uyğun damğalar arasındakı oxşarlığa görə müqayisəyə cəlb edilmişdir. Böyük ehtimalla, Azərbaycan damğalarından bir qisminin göstərilən loqoqramlardan törədiyini düşünmək olar: Azərbaycan xalçalarında olan qədim loqoqram, damğa və runik işarələr artıq ilkin ifadə funksiyasını itirib naxışa çevrilmişdir. Lakin onların bugünə qədər donuq şəkildə olsa da, xalçalarda işlənmə gələnəyi göstərir ki, vaxtilə informativ yük daşıyan həmin işarələr Azərbaycanda geniş yayılıbmış.
Runik əlifbanın və damğaların yayılma arealını tədqiq edən İ. Doğana görə, mərkəzləri Doğu Anadolu, Azərbaycan və Quzey Qafqazda Elbrusun çevrəsi olmaqla, bu əlifba loqoqram → damğa keçidi dönəmini Qafqazda keçirmişdir. [İ.Doğan. Runik yazının gelişim coğrafiyası (Əlyazması, səh.10).] Tanınmış xalça uzmanı L. Kərimovun əksər bölgələri əhatə edən «Azərbaycan xalçası» kitabından loqoqram, damğa və runik işarələrə aid seçib verdiyim örnəklər runik yazının Qafqaz mənşəli olması ehtimalı üzərində ciddi düşünməyə sövq edir. Burada 30-dan yuxarı naxışın runik yazı işarəsi olduğu şübhə doğurmur.
Nəzərə alsaq ki, bunlar cəmi 28 xalça üzərindən seçilən işarələrdir, onda xalça sənətində runik işarələrin işlənmə tezliyinin də yüksək olması aydınlaşar. Kitabdakı sıra nömrəsi ilə verilən xalçalar üzərindəki naxışlardan haşiyə içinə alınan 1 №-li loqoqram-damğa düzümü xalçada bir neçə dəfə eyni ardıcıllıqla təkrar olunur, bu da həmin düzümün məhz loqoqram yazı olduğunu göstərir. 99 №-li işarələr sırasında isə haşiyə içinə alınıb, soldan sağa və sağdan sola oxunan işarələr k, t runik hərfləridir, çünki bu xalça Azərbaycanda ərəb əlifbasının işləndiyi XIX əsrdə toxunduğu üçün həmin hərflər kiril və ya latın qrafikası ola bilməzdi.
Xalça naxışlarından bir qisminin vaxtilə damğa-hərf olmasını görmək üçün onları runik yazıdakı eyni işarələrlə müqayisə etmək kifayətdir. Xalça naxışlarının tam olmayan bu örnəyi də aydın göstərir ki, runik yazı xalça sənətində geniş işlənmişdir. Digər məişət əşyaları üzərində də runik işarə-damğalar görünür. Məsələn, runik yazıdakı «z» Z hərfinin bir variantı olub, «dönərgə» (svastika) adlanan damğa-işarənin şəkli hələ V minilə aid Arpaçı arxeoloji abidəsində (Xalaf kulturu) gildən hazırlanmış qadın fiqurları üzərində vardır. Eyni şəkilli gil fiqurlar Şiraz bölgəsində IV minilin ikinci yarısına aid Tali-Bakun abidəsində də görünür. Bu şəkilləri yanlış olaraq, yerli əhalinin güya tatu döymə
gələnəyini əks etdirdiyini saymışlar. Lakin nəzərə almaq lazımdır ki, svastika təkcə gil qadın fiqurları üzərində deyil, ayrı sənət əsərləri, o sıradan saxsı qablar üzərində də vardır. Belə ki, Gəncəçay yaxasında m.ö. XIV-XI əsrlərə aid kurqanlardan çıxan keramika bunu aydın göstərir.
Prototürk çağından Azərbaycanda bəlli olan dönərgə işarəsi Ulduzla bağlı taleh anlamında işlənir. «Ulduzu söndü» deyiminin paraleli kimi işlənən «dönərgəsi döndü» deyimi qədim inancla bağlıdır. «Çərxifələk» ifadəsi bunun farsca tərcüməsidir. Türk boylarının miqrasiyası ilə ayrı-ayrı bölgələrdə ortaya çıxan dönərgə damğasının ilkin variantı Ulduz-Günəş və Tanrı simvolu olan (...kitaba bkz.) işarəsi ilə verilmiş, sonralar onun (...kitaba bkz.) işarəli variantları yaranmış dır. M. Tantəkin svastikanın və ondan yaranan xaç işarəsinin türklərə aid olduğunu yazmışdır. Bəzi uzmanlar isə xaç şəkilləri üzrə (...kitaba bkz.) keçidini arxeoloji bəlgələrdə izləyə bilmişlər. Qeyd etdiyimiz kimi, dönərgənin variantı runik yazıda «az» hecası ilə oxunan z hərfinə çevrilmişdir.
Runik yazının Azərbaycanda unudulması məsələsinə gəldikdə isə zaman-zaman bura gətirilən müxtəlif dinlərin və işğalçı yürüşlərin ayrıayrı əlifbalarla gəlməsi, yerli mədəni abidələr sırasında ən çox kitabların və digər yazı nümunələrinin məhv edilməsi ilə bağlıdır. Bu haqda tanınmış yazı uzmanı İ.Y. Qelb belə yazır: «Xalqın görünən simvolu onun dili və yazısıdır. Məhz buna görə, işğalçılar əsarət altına aldığı xalqın kökünü kəsmək üçün öncə onun yazılı söz xəzinəsini məhv edir». Bu olaylar dəfələrlə təkrar olunmuş gerçəklikdir və Azərbaycanda bunun izi ayrıayrı işğalçıların müxtəlif bölgələrdə qoyduğu yazı nümunələridir.
Türk runik əlifbasının yaşını aramey-soqd əlifbalarına bağlamaqla cavanlaşdırmaq istəyənlərin isə siyasi məqsəd güddüyü aydındır. Bəzən bu məqsəd açıq şəkildə söylənir. Hətta V-VI əsrlərə aid türk runik yazılarının tarixini VIII əsrə çəkməyi, əlifbanın yaranma yeri üçün isə Monqolustan versiyasını işləməyi tarixçilərə məsləhət görən İ.V. Kormuşin bunu, güya, türkologiyanın «inkişafı üçün» lazım bilir. Belə təbliğatın nəticəsidir ki, Batı Monqolustanıda m.ö.V-III əsrlərə aid Ulanqan abidəsinin 23 saylı basırığında tapılan qab üzərində boya ilə Elçi Baqu (və ya Elçi-başı) sözünü oxuyan V. A. Livşits bunu gec uyğur (VIII əsr) yazısı hesab etmişdir. Halbuki, arxeoloq E.A. Novqorodova bu basırıqda təkrar dəfn əlaməti olmadığını, yazılı qabın həmin m.ö.V-III əsrə aid toxunulmamış inventar içində qaldığını yazır. Müxtəlif yazıların mənşəyini tədqiq edən A. M. Kondratov isə türk yazısının sonralar meydana çıxmış soqd, avesta, pəhləvi (parth) və sair bu tip əlifbalardan törəməsi fikrini rədd edib, onu finikiya-aramey heca əlifbaları ilə ortaq sayır.
Türk dilinin səs və morfoloji quruluşunun qarşılıqlı əlaqəsi əsasında formalaşan türk runik əlifbasının daxili mexanizmi heca-səs sisteminə köklənmişdir. Dilin səs quruluşundakı diaxronologiya və fonemlərin birbirinə münasibəti bu əlifbadakı işarələr sistemində əks olunduğu üçün onun 3-4 minil bundan əvvəl yarandığını düşünmək olar. Fonemin özünü deyil, fonemi fərqləndirən əlamətlər sistemini əks etdirən runik əlifbanın fonoloji deyil, morfonoloji əsasda yarandığını söyləyən tanınmış türkoloq A. N. Kononov yazır: «Runik yazının yaranma tarixi və yeri hələlik həll olunmamış məsələ kimi qalır».
Təəssüf ki, m.ö.I minillikdə Azərbaycanda qabarıq görünən finuqor boylarının izi hələlik tədqiq edilməyb. Macar qaynaqlarında saqa-hun mənşəli hesab olunan və türk runikasından törəmə vaxtı hələlik aydın olmayan sekel-macar yazıları XVII əsrə qədər işlənmişdir. Vaxtilə macarlara qarışan bu boyun sekler (saklar) və sekel (sak eli) adlanması da diqqəti çəkir. S. İstvanın 1593-də yazdığına görə, Toskana bölgəsində Etruriya prinsinin kitabxanasında bir cilddə sekel yazısı varmış.
[Orkun, 663; Дирингер, 372; Macar alimi Eniko Siy sekel runikası haqqında yazır: «Древнее врезанное письмо венгров, имеющее тюркское происхождение и языческий характер, вышло из употребления, так как оказалось негодным для фиксирования связных текстов. Восточные венгры пользовались этим письмом вплоть до ХВЫЫ века» (Энико Сий, 10).]
Prof.Dr.Firudin Ağasıoğlu Celilov
9 Bitik (1) syf.150-163 (kendi sitesinden indirebilirsiniz.)
"Prototürk ve protoazer boylarınında damğa sisteminin yaranmasına piktogram "yazılar" da müeyyen imkan açmışdır. Türklerin Altaydan Ön Asiyaya değil, Ön Asiyadan altaya getmesini aks etdiren sübutlar sırasında arkeoloji belgelerle yanaşı, bu miqrasiyanı aydın gösteren dekorativ sanat eserleri "an üslubu", piktogram ve halı-kilim üzerinde nakışlarını tipologiyası, damğalar da vardır. ... Damğa sözünün ilkin semantikası neolit çağı prototürk toplumnda formalaşdığı üçün onun ilkin forması dab-tab kökünden -qa şekilçisi ile yaranan "dabqa - tabqa" şeklinde berpa olunur. Hemin kökden davar (tavar), tabor, tabun, tavla (tövle) ve sair bu kimi sözler yarandığına göre, onun "mal-hayvan", "mülk, var-dövlet"
anlamlı polisemantik kök olduğunu düşünmek olar."
Prof.Dr.Firudin Ağasıoğlu - Doqquz Bitik: Azərbaycan türklərinin islamaqədər tarixi
Etrüsk - MÖ.520-500 ... yukarıda
Musul/Tali Bakun - MÖ.4000-3000 ... altta