lulu etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
lulu etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

6 Haziran 2018 Çarşamba

Lulu Eli - Ön Asya'da Kurulan Türk Devletleri - IV



Lulu Eli (Ülkesi)
Prof.Dr.Firudin Ağasıoğlu Celilov


Tarixçilər doğru olaraq, qeyd edir ki, «Lullubum (Lullubi) dövləti Güney Azərbaycan ərazisində yaranmış ikinci erkən dövlət qurumu idi». (147) Arattadan sonra m.ö. XXIII əsrdə Urmu gölündən güneydə lulu boylarının adı ilə ortaya çıxan bu ikinci türk elinin coğrafi sınırları, müxtəlif savaşlarda iştirakı, bir neçə elbəyinin adı və etnik tərkibinə aid xeyli bəlgə olduğu halda, bunu kifayət saymayan Q. A. Melikişvili yazır: «Baxmayaraq ki, asur-babil qaynaqları iki minil boyunca (III minilin ortalarından I minilin ortalarına qədər) lulubiləri xatırladır, onların tarixi haqqında bilgimiz çox azdır». (148) Doğrudur, asur-babil qaynaqları lulu boyundan yalnız m.ö. I minilin ortasınacan bəhs edir, çünki həmin bitmə tarixi lulu boylarının yox, I minildə lulular haqqında bəzi bəlgələr verən het, hurri-urartu və asur-babil qaynaqlarının bitmə tarixidir. Lulu boyları isə həmin adla həm Atayurdlarında, həm də doğuya köçən digər türklərlə birlikdə gedib yerləşdiyi bölgələrdə bugün də yaşayır. (149)

Lulu eli haqqında bilgi əldə etmək üçün öncə lulu boylarının qonşu dövlət və xalqlarla əlaqəsini, tarixi coğrafiyasını gözdən keçirmək, sonra bu Elin qurulma səbəbi, xronologiyası və siyasi-iqtisadi, mədəni durumu və lulu boylarının sonrakı taleyi, tarixdə buraxdığı izlər, həmçinin, lulu adı ilə bağlı sözlərin etimoloji yozumu üzərində dayanmaq lazım gəlir. Sumer dilində Lu-lu-bi şəklində yazılan Lulu(lar) adı sumerlərə hələ Aratta çağından bəlli idi. (150) Lulu boylarının batı yöndən akad-asurlar, güneydən elam-kassilər ilə və daha sonralar gəlib Elama yerləşən ari (pers), quzeydən sonralar gəlib İkiçayarasına yerləşən hurri-urartular və hurrilər vasitəsilə hetlərlə olan əlaqəsi m.ö. III minilin son əsrlərindən üzübəri müxtəlif dilli qaynaqlarda əks olunmuşdur.

Maraqlıdır ki, sumer eposu məşhur qəhrəman Enkidunu lullu-awilu «lulu-kişi», yəni lulusoylu epiteti ilə verir, lakin burada lulu etnik mənada deyil, kontekstə görə, «yabanı» (vəhşi) anlamı daşıyır. İkiçayarasında hegemon mövqe əldə edən Akad dövləti XXIII əsrdə sınırlarını doğuya uzatmaq, qut-lulu boylarından əsir alıb qula çevirmək üçün vaxtaşırı Dəcləni keçib lulular ilə qanlı savaşlar aparmışdır. Lulular üzərində qələbəni akadlar gil lövhələrdə və qaya üzərində «qələbə yazısı» ilə qeyd etmişlər. (151)

Bir neçə əsr sonra yaranan Asur dövləti lulu boylarına qatı düşmən kimi baxmış, minil boyunca lulu torpaqlarına vaxtaşırı hücumlar edib, zaman-zaman bəzi bölgələri zəbt edə bilmişlər. Təkcə asur çarı I Tiqlatpalasarın (1115-1077) dörd dəfə lulular üzərinə yürüş etməsi haqqında yazılar qalmışdır. (152) Lulu eli çağında elamlar da bu torpaqlara yürüşlər etmişdir. Güney-Azərbaycana hücum edən elam çarı Kutik-İnşuşinak akadlarla müttəfıq idi. Hurrilər kimi kassi boylarının da bir qismi gəlib bəzi lulu bölgələrində məskunlaşmışdı.

Hurri-lulu əlaqələri də birmənalı deyil. Belə ki, quzeydə mitan-subar boyları ilə müttəfiq olan hurrilərdən bəzi uruqlar Hurri-Mitan dövləti çağında gəlib, Kərkük bölgəsinə yerləşmiş və ətrafdakı lulu boyları ilə ticarət əlaqələri qurmuşdu. (153) Hurri ordusunda hurricə lulaxxi adlanan muzdlu lulu döyüşçülərinin özəl alay təşkil etməsi het qaynağında verilir. 

Bu qısa xülasədən göründüyü kimi, m.ö. I minilin ortalarına qədər lulu boyları ilə müxtəlif yöndəki qonşuluqda yerləşən və başqa etnik kökdən olan xalqlar arasında münasibət daim gərgin durumla davam etmişdir. Bunun səbəbi isə çox aydındır: yerli boyları sıxışdırıb yerindən çıxarmaq istəyənlərlə xoş münasibət mümkün deyil. Qaynaqların verdiyi bəlgələrə görə, lulu boyları ilə daha çox vuruşan asurlar idi. Halbuki, vaxtilə Dəclənin orta axarına dəstə-dəstə gəlib yerləşən bu köçəri sami tayfası ilk çağlarda, tədqiqatçıların lulumənşəli saydığı ilk Asur «çarları»Bazayu, Adasi, Libayu, Lulayu və sair adlar daşıyan bəylərin siyasi hakimiyəti altına sığınmışdılar. (154) Lulu boylarından danışan qaynaqlar əzilən tərəfin həmişə lulular olduğunu fəxrlə vurğulayır. Bu hal təbiidir, çünki qonşuların dilində «yabanı» anlamı qazanmış lulu adını daşıyan bu yarımköçəri əhali təpərli olub, torpağına soxulanlara qarşı dirəniş göstərə bilirdi.

Sonralar yəhudi qaynağı quzeydən gələn saqa-qamər təhlükəsini qoq-maqoq ordusu, ərəb qaynaqları quzey türkləri yəcuc-məcuc qoşunu adlandırdığı kimi, asur-babil qaynaqları da Azərbaycandan gələ biləcək təhlükəli qüvvəni qorxulu umman-manda ordusu sayırdı. Qorxu yaradan «xoxan-xortdan» deyimi kimi, farsca Lulu tora mibarət «Lulu səni aparsın» qarğışı da lulu xofundan qalmadır.

Elmi ədəbiyatda lulu sözünün mənası və mənşəyi haqqında ayrıayrı fikirlər söylənsə də, hələlik onun etimoloji yozumu aydın deyil. (155) Hər şeydən öncə bunu deyək ki, adın ilk lu- hissəsi bu sözün türkmənşəli olmadığını göstərir. Tarixçilərin lulu etnonimi haqqında «Azərbaycan əhalisinə kənardan verilən addır» - deməsi, doğru fıkirdir. (156)

Sumer yazıları Aratta ölkəsindən bəhs edərkən daha çox əkinçi, sənətkar əhalini qabarıq verir, sonrakı akad-asur, elam, urartu yazıları isə Urmu gölü hövzəsindəki şəhər, kənd və qalaların adını çəkməklə yanaşı, burada çoxsaylı mal-heyvan əldə etdiklərini də qeyd edirlər. Belə yazılı bəlgələrin heyvandarlıq haqqında verdiyi məlumat bölgənin arxeoloji abidələri ilə də təsdiq olunur. Hələ Carmo kulturu çağından xırdabuynuzlu davarın evsəlləşib artmasının əsas mərkəzi Zaqros dağlarında olması bəllidir. Nəzərə alsaq ki, lulu etnonimi Arattada heyvandarlıqla məşğul olanlara verilən addır, onda Orta Asiyada qaraçılara lulu deyilməsinin, Osmanlı dövləti dönəmində lulu boylarının türkman və yörük adlanmasının səbəbi də aydınlaşar, çünki bu adlar etnik deyil, «köçəri» anlamlı etnoqrafik terminlərdir. O ki, qaldı lulu adının sumer dilində «yabanı», asur, hurri və urartu dillərində «özgə, yağı və qul» anlamlarına, bu da həmin xalqlar ilə lulular arasında olan münasibət əsasında yaranmış sonrakı məna çalarlarıdır.

Davarın artımı üçün əlverişli şəraiti, çoxlu yaylaqları olan Zaqros dağlarında heyvandarlıqla məşğul olan toplumda lulu adının etnik deyil, etnoqrafık termin bildirməsi o deməkdir ki, həmin çağlarda lulu adının altında bir sıra boylar vardır. Akad-asur yazılarında subar, qut, turuk, kuman, urmu, qaşqay və sair türk boylarının adı eyni qaynaqda yanaşı çəkilə bildiyi halda, lulu adı olan yerdə bu boylardan heç birinin adı çəkilmir. Tekstoloji təhlilin verdiyi bu bilgi bir daha göstərir ki, lulu sözü konkret bir boyun adını yox, ümumi «köçəri» anlamını bildirmiş, ayrı-ayrı türk boylarının yarımköçəri təbəqəsi qədim yazılarda bu adla verilmişdir. (157) Bu səbəbdən, həmin qaynaqlarda «Subar elinə mənsub lulu» və «Su ölkəsinə mənsub lulu» deyimlərinə rast gəlmək olur. (158)





Lulu adının etnoqrafik özəlliyi Lulu elinin coğrafi hüdudlarını dəqiq müəyən etməyə çətinlik törətsə də, mətnin tekstoloji təhlili bəzi sınırların hüdudunu təyin etməyə imkan verir. Belə ki, güneydə kassilərlə qonşu olan lulu adlı boyların aşağı sınırı Luristanda olub, quzey sınırı Urmu hövzəsini əhatə edir. Batı sınırı İ. M. Dyakonovun qeyd etdiyi kmi, Sumurru adlanan indiki Altın-körpü bölgəsini içinə alır. (159) Lulu Elinin doğu sınırı haqqında isə yazılı qaynaqlar bəlgə vermir. Bunu da yalnız o dövrün arxeoloji kulturu ilə müəyən etmək olar. (160)

Sonralar asur orduları lulu ərazilərinin iç bölgələrinə girdikcə, artıq asur qaynaqları II Sarqonun yazısında «Zamua adlanan lulume ölkəsi» deyildiyi kimi, tanış olduqları yeni adlar verir və lulu adının işlənməsi get-gedə azalır. Bu sadalanan səbəblərə görə, m.ö. XXIII əsrdəki olaylardan danışarkən, şərti olsa da, «Lulu eli» deyimini işlətmək zorundayıq. Lulu adı ilə qurulan el, təbii ki, yalnız yarımköçəri lulu boylarının qurduğu dövlət deyildi, bu elin ərsəyə gəlməsində subar, turuk, kuman və sair boylar, özəlliklə, qut boyları yaxından iştirak etmişdir. Arattadan bir neçə əsr sonra Lulu elinin məhz m.ö. XXIII əsrdə ortaya çıxmasına səbəb isə Akad və Elam dövlətlərinin vaxtaşırı Azərbaycana hücum etməsi idi. Bu hücumların qarşısını almaq üçün bölgə əhalisi vahid siyasi qurumda birləşmək məcburiyətində idilər, çünki ayrı-ayrı bölgə bəyləri ayrılıqda akad-elam ordularına qarşı dura bilmir, mal-hevanları ilə birlikdə adamlar da əsir tutulub İkiçayarasına və Elama aparılırdı.

Lulu eli təcrübəsiz yarımköçəri əhalinin qurduğu ilk dövlət deyildi, hələ Aratta çağında onların «el» quruluşu olmuşdur. İslamaqədər qurulan saysız türk dövlətlərinin qurulub-dağılma olaylarına, mərkəzləşmiş el qurumunu bölgədəki siyasi durumun tələbi ilə yaradıb, bölgədə stabillik əldə ediləndən sonra türk elatlarının yenidən ayrı-ayrı bəyliklərə parçalanmasına çox rast gələcəyik.

Lulu eli də belə yarandı. III minilin ortalarından sonra akadlar Ikiçayarasında güclənib, ətraf bölgələri zəbt edirdi. Burada quldarlıq boy atıb çiçəkləndikcə, əlavə işçi qüvvəsinə təlabat da artırdı. XXIV əsrin sonundan başlayaraq, İkiçayarasının subarlar yaşayan quzey bölgələrinə, Dəclə çayının sol yaxalarında yaşayan subar, qut və «lulu» torpaqlarına soxulan akadlarla yanaşı, elamlar da vaxtaşırı Dəclə-Urmu arası bölgələrə hücumlar edirdi. Tutulan əsirlər qul bazarına sürülür, çoxsaylı məbədlərə verilir, torpaq sahiblərinə satılırdı. Urmu hövzəsi və Zaqros dağları ətəyində yaşayan əhalini əldən salan bu savaşlar «lulu» boylarının başçılığı altında birləşmə zərurətini doğurmuşdu. (161)

Artıq XXIII əsrin ortalarına aid qaynaqlarda rast gəldiyimiz «luluların çarı» (lulu elbəyi) ifadəsi və lulu elbəylərinin düşmənə qələbə çaldığı yerlərdə daşa həkk etdiyi qayaüstü rəsmlər və «zəfər yazısı» göstərir ki, lulu boylarının vahid rəhbərə, elbəyə tabe olan birliyi ilə yaranmış Lulu eli nəinki akad və elam yağmalarına qarşı duruş gətirə bilir və hətta onların ərazilərinə hücum edib, qələbə də çalırdı.

Lulu adına qorxulu “yağı” anlamı verən qonşu xalqlar artıq bu savaşlarda yetişən güclü orduya malik Lulu eli ilə qarşıqarşıya durmuşdu. G. A. Barton doğru olaraq, qeyd edir ki, lulu elbəyi Anubani Urmu gölü ilə Fars körfəzi arasındakı əraziləri öz nəzarəti altında saxlaya bilirdi. (162)




Tədqiqatçıların Lulu elbəyi Anubanidən öncə «İkki oğlu» kimi verdiyi başqa bir bəyin barelyefı altında zəfər yazısı vardır və burada sadəcə iki məğlub olmuş adam şəkli həkk olunub ki, bu da saç düzümünə görə onların ayrı-ayrı iki bölgə və ya iki ölkə başçısı olduğunu bildirir. (163) Anubaniyə aid rəsmdəki əsirlərin isə səkkizi eyni görkəmdədir, yalnız biri saç düzümü və papağı ilə digər əsirlərdən fərqlənir. Türk törəsinə görə, əlində hakimiyət simvolu «yay» tutan hər iki elbəyin barelyefləri Həmədan-Bağdad yolu üzərindədir. (164) 

«Azərbaycan tarixi» kitabında Lulu və Qut elinin xronologiyası bir-birinə qarışmışdır. Belə ki, ilk lulu elbəyinin hakimiyət ili 2230-dan, ilk qut elbəyi Enridavazirin hakimiyəti isə bu tarixdən cəmi beş il sonra (2225) verilmişdir. (165) Bu xronoloji hesabdan belə çıxır ki, eyni ərazidə iki qüdrətli dövlət eyni çağda mövcud olmuşdur. Aydın görünür ki, burada xronoloji ardıcıllıq pozulmuşdur, çünki lulu və qut boylarının eyni etnik toplum olduğunu bir kənara qoysaq belə, Qut imperiyası daxilində, özü də tam onun mərkəzində eyni çağda Lulu eli mövcud ola bilməzdi.

Qut elinden sonra Lulu elinin yarandığını söyləmək mümkün deyil, çünki qaynaqlar Qut elindən sonra bir çox lulu-qut bölgəsinin artıq Sumerdə güclənmiş III Ur sülaləsinin əlinə keçməsini və 2109-da dağlıların (lulu-qut) hakimiyətinə son qoyulmasını vurğulayır. (166) Qaynaqdan bu da bəllidir ki, lulularla vuruşmuş akadlı Naram-Suen (2236-2201) sonralar Qut elbəyi Enridavazir ilə döyüşdə ölmüşdür. Bu ipucu öncə Lulu, sonra Qut elinin yarandığını ortaya qoyur.

Lulu elinin son illəri Akad çan Naram-Suenin vaxtına düşür. Onun Süleymaniyə-Rubat yolundakı Qaradağın Dərbəndi-Gavur aşırımında lulu boyları yzərində qazandığı zəfəri əks etdirən yazısı göstərir ki, artıq lulu ordusuna elbəyi deyil, bölgə bəylərindən biri başçılıq edir. Beləliklə, qüdrətli Lulu eli XXIII əsrin sonunda öz tarixi missiyasını reallaşdıra bilmədiyi üçün onun yerində Qut eli yarandı. Eyni durum 1500 il sonra Urartu-Asur yürüşlərinə tab gətirməyən Mana elinin Mada eli ilə əvəzlənməsi olayında da görünür. Təəssüf ki, Lulu elinin dövlət qurumu haqqında qaynaqlar bəlgə vermir. Lakin bu qaynaqlardan lulu boylarının inanc və tapınaqlarına, siyasi, iqtisadi-sosial durumuna aid dolayı məlumat əldə etmək, qayaüstü rəsmlərə görə, onların geyim kulturu ilə tanış olmaq mümkündür.

Hələ Aratta çağından məlumdur ki, Güney Azərbaycan əhalisi arasında sumercə İnanna adı ilə verilən tanrıcanın tapınağı vardı. Anubaniyə aid qayaüstü rəsmdə də bu tanrıcanın şəkli çəkilmiş və akadca adı (İştar) yazılmışdır. Barelyefin ümumi kompozisiyası Qut elbəyinin zəfər qazanmasına İnanna-İştar tanrıcanın yardımını vurğulayır. Buradakı yazıda deyilir: «Anubanini, qüdrətli elbəy, Lullubi elbəyi özünün və İştar tanrıcanın rəsmini Batir dağında həkk etdi, bunu dağıdanı Anu və Anat, Bel və Bellit, Adad və İştar, Sin və Şamaş tanrılar cəzalandıracaq». (167)

Türklərdə Göy, Gün, Ay, Ulduz kultlarının varlığı və «Oğuznamə» dastanlarında Oğuzxan oğullarının adında bunların Gün-xan, Ay xan, Ulduz-xan şəklində görünməsi lulu kosmonimlərinin mənşəyi baxımından diqqəti çəkir. (168) Güney-Azərbaycanda İştar-İnanna tanrıca adının yerli dildə qarşılığı bəlli olmasa da, lulu boylarının dilində kiur iyəadı vardı. (169) Asur yazısında «tanrı» kimi verilən bu Kiur, urartu yazısında Quera tanrıadı kimi qeyd olunur. (170) Bu tanrı-iyənin «ildırım iyəsi» olub, hunlarda Quər şəklində işlənməsi M. Kalankatlının «Alban tarixi» kitabından bəllidir. (171)

Lulu bəylərinin barelyefində onların qurşaqdan aşağı yüngül tunik (don) geydiyi görünür. Biri kəmərin altına bıçaq, digəri balta keçirmişdır. Hər ikiksinin boynundan muncuq asılıb və başlarında kəmərli papaq vardır. Anubaninin ayağında yüngül başmaq aydın seçilir. Onun başı üzərində görünən səkkizguşəli ulduz İştarın emblemi ola bilər. Lulu geyimi gələnəksəl olaraq, Mana və Mada çağının geyim kulturunda təkrarlanır. Naram-Suenin «zəfər» barelyefində lulu əsirlərinin görkəm və geyimi aydın seçilir:




Lulu və Qut dövlətləri dağılandan sonrakı, m.ö. II minilin əvvəllərinə aid qaynaqdakı çoxlu lulubi bəyləri deyimi artıq lulu-qut boylarının kiçik bəyliklərə ayrıldığını bildirir. Ola bilsin ki, Azərbaycanın müxtəlif bölgələrində Mana elinə qədər çoxsaylı bəyliklərlə yanaşı, kiçik dövlətlər də vaxtaşırı qurulub dağılmışdır. Belə ki, «bəylərbəyi» titulu daşıyan lulu elbəyi haqqında Boğazköy arxivində bəlgə vardır. Hurri dilində olan bu yazıda «İmmaşqun, Lulu ölkəsinin çarlar çarı» ifadəsi işlənmişdir. (172) Bu elbəy müəyyən çağda lulu, qut, turuk, kuman və ya başqa boyların Lulu ölkəsində birləşmiş qüvvələrinə «çarlıq» etsə də, bu dövlət haqqında qaynaqlarda əlavə məlumat yoxdur. 

Lulu elinin ömrü az oldu, lulu boylarının tarix boyu qoyduğu izlər isə günümüzəcən yaşadı. (173) Belə ki, hun sülaləsi adında görünən lulu adını Anadoluda bəzi yarımköçəri boylar daşımışdır. Bu gələnək Azərbaycanın müxtəlif guşələrində işlənən yer-yurd və şəxs adlarında davam etmişdir.

Lulu soyadını Misirin xəlifə ordusunun başçısı Manqu Tekini 993-də özünə müttəfiq edə bilən Hələb türk ordu komandanı Lulu və Mosul Atabəyləri dövlətinin son illərində faktiki hakimiyəti ələ alan Bədr əd- Din Lulu (1220-1234) daşımışlar. (174) Bu adın luar (lu-ər) variantı ilə ortaya çıxan lor (lur) etnoniminin qədim formasına Göycə gölü hövzəsində Urartu çağından rast gəlmək olur. (175)

Lulu boyları ilə bağlı verilən adların etimoloji yozumu üzərində də dayanmaq lazım gəlir, çünki bugünəcən lulu sözləri və adları haqqında söz deyənlər türk dilindən yan ötmüşlər. Öncə, lulubi adındakı -bi şəkilçisinin qədim Azərbaycanda türk etnonimlərinə qoşulub, cəmlik bildirdiyini bir daha xatırlayaq. Onun protoazər dilində aktiv işləndiyini nəzərə almayan araşdırıcılar mixi yazıdakı lulu adlarını yanlış yozurlar. Yanlış oxuma ilə Anubanini, Siduri, Satuni kimi qondarma «lulu» adları və bəzi adların İmmaşkuş/İmmaşqun, Lişirpirini/...birini/Tardunni kimi variantları ortaya çıxmışdır. Anubani adının etimologiyasını G. G. Kameron və İ. M. Dyakonov akadca «Bizi yaradan tanrı Anu» anlamı ilə vermişlər. (176) Lakin AN-nu şəklində yazılan adın ilk hissəsi bu ehtimalı doğrultmur. (177)

Bu adın qədim türkcə anuq «hazır» sözünün kökü olan anu «hazırlanmaq» və ban «bən» əvəzliyi ilə yaranıb, «hazıram» (Anu-ban) anlamı daşıdığını düşünmək olar. Lakin türk törəsinə görə, elbəy seçiləndən sonra onların çox vaxt ləqəb və titul bildirən adla tanınmasını nəzərə alsaq, Anar və ya Anlı («ünlü», «məşhur») adlarının başında gələn qədim añ köklü sözlər diqqəti çəkir. (178) Belə ki, Anubani adının annamaq «anlamaq» sözü ilə açımı daha gerçək görünür. Bu halda, anla- > anna-, qanlı > qannı, enli > enni dəyişmələrində olduğu kimi An-lu-ban («ünlü-bən») tərkibi ilə yaranan Anluban >Annuban əvəzlənməsini və elbəy adına yaraşan «Ünlü adam» anlamını görürük. Anubani yazısmda Batir dağının adını Padin ilə müqayisə etmişlər. (179) Halbuki, sonralar Manada yarımköçəri padar boylan ilə bağlı KURPaddira, URUPadira toponimləri təkrar olunmuşdur. (180) Naram-Suenin «zəfər» yazısında bəzi işarələr pozulduğu üçün lulu adının yazıldığı sətir çətin oxunur. Ona görə də, həmin cümləni müxtəlif şəkildə bərpa edib, müxtəlif anlamda oxuyurlar. (181)


1) Si-dur-[ru(?) şu] sa-dù-ì Lu-lu-bi-imki ip-hu-ru-[ma]
«Sidur[ru] Lulubum dağlılarını topladı» (İ. M. Dyakonov)
2) A[...] Si-dur u Sa-tu-ni Lu-lu-bi-im ip-hu-ru-ma [...
«[...] Siduri və Satuni Lulubili birləşdilər...» (Y. B. Yusifov)


Göründüyü kimi, mətndəki sat (şad) sözü bir yerdə akadca «dağ» anlamında şadû şəklində oxunub «dağlı» kimi verilmiş, o biri oxunuşda isə bu söz lulu bəyinin adı kimi (Satuni) bərpa olunmuşdur. Məncə, bu söz ikinci hecası pozulmuş ada qoşulub, titul bildirir (A...sidur şad) və mətn belə bərpa olunub oxuna bilər:


A[...]-si-dur-u şa-du-i Lulubimki ip-hu-ru-[ma]
« A...sidur şad luluları topladı»


Lulu adı kimi elmi ədəbiyatda verilən Adasi, Bazay, Libay, Lulay və sair şəxs adları türk antroponimlərinə aid modellə düzəlmişdir. Belə ki, oxşar Ağası, Baz-kağan, Bozay, Qaçay, Xasay adları bugün də azər xalqı içində işlənir. Bu adlarda işlənən «ay» sözü Nuzi (Kərkük) arxiv sənədlərində adı keçən Tarminay, Tulbunay qız adlarında da vardır. (182) Bunlar tədqiqatçıların dediyi kimi, hurri qızları olsalar belə, adları türkcədir.

Laqaşa Lulu ərazilərindən aparılan əsirlər içində (Abum)-Balaq, Dingir-urmu, Baraq, Baraqzi, Aqsi, Aqilsa və sair adlar vardır. (183) Türk antroponimiyası baxımından asan izah oluna bilən bu adlar sırasında Adagaldi, Ada, adlarındakı «ata» sözü və ona qoşulan damqar (damğaçı) termini, qaraş sözünün həm antroponim, həm də termin kimi işlənməsi diqqəti çəkir. Tərkibi «lulu» sözü ilə başlanan adlardan bəzisinin subar adı kimi verilməsi də bəllidir. (184)

Beləliklə, ölkəadı olan Aratta toponim, lulu isə etnoqrafik termindir və buna görə də, «Artatta eli», «Lulubi eli» deyimləri alt qatda subar, qut, padar, turuk, kuman və sair türk boylarının tarixini əks etdirir. Bu baxımdan, lulu boyunun ayrıca etnos olmadığını vurğulayan İ. M. Dyakonov haqlıdır. (185)

Quzey-Ubeyd kulturunun yayıldığı Dəclənin orta axarı ilə Urmu gölü arası ərazilərdə yarımköçəri lulu boylarının yaşaması onu göstərir ki, hələ Ubeyd çağından bu boylar sumer mədəniyəti dairəsində olmuşdur. Belə ki, həmin ərazilərdə yaşayan əkinçi-maldar boyların içindən çıxan yarımköçəri toplum (lulu boyları) təşəbbüsü ələ ahb, Lulu elini qurmuşdu. Lakin mərkəzləşmiş hakimiyəti olmayan bu elin çox yaşaması mümkün deyildi. Onun yerində daha mütəşəkkil Qut eli yarandı.









dipnotlar:
147) AT, 1994, 67.
148) Меликишвили, 1954, 128.
149) Mosul-zəngi atabəylərinin adında görünən Lulu soyadı, Orta əsrlərdə Maraş əyalətində, Ərzurum sancağı Kemax qəzasında, Niqde sancağında yaşayıb, Osmanlı dövlətinin arxiv sənədlərində adı çəkilən lulu və lululu camaatı yörük tayfası, Sivas sancağında, Hələbdə lululualçı (lululu-elçi) türkman tayfası kimi qeyd olunmuşdur (OAC, 570-571); Doğuda isə onlar lulu adlı hun sülaləsi kimi ortaya çıxmışlar (AT, 1994, 79).
150) Юсифов, 1987, 25.
151) Дьяконов, 1956, 101; AT, 1996, 37.
152) ARAB, I, 278, 285, 312, 318.
153) Hurri kaloniyası olan Nuzi şəhərinin arxivindəki bir məhkəmə sənədində Nimkibel və Zilixamanna adlı iki nuzilinin arasında baş verən davaya baxılır. Bəlli olur ki, bunların ortaq (şərikli) malı olan taxılı varmış və onlardan biri bu taxılı alver üçün Lulu bölgəsinə aparanda lulu lotuları taxılı onun əlindən alıblar. Məhkəmə qərar çıxardır ki, malı əlindən alınan ortaq o biri ortağın çəkdiyi ziyanı ödəməlidir (Меликишвили, 1954, 132).
154) Gelb, 1944, 25, 32; Меликишвили, 1954, 130; AT, 1988, 125; J. Gelb haqlı olaraq, bu adları subar boylarına aid edir (Gelb, 1944, 66).
155) Bu adın müxtəlif dillərdə yazılışı (lulu, lullu, nullu, lulaxxu, Lulume, Lullubum və s.) sumer dilində verilən ilkin formanın (lulu-be) şəkilçili və şəkilçisiz formalarıdır. Sumer yazısında qeyd olunan lulu adına qoşulmuş -bi formantının İslamaqədərki qaynaqlarda azərbi, ellipi, traspi, arqippi, tatabi, kaspi və sair türk boyadlarına qoşulub topluluq bildirməsi şübhə doğurmur: azər-bi, elli-pi, tıras-bi, arqu-pi, tata-bi, kas-bi və lulu-bi.
156) AT, 1994, 79; 1996, 37; Bu da mümkündür ki, «ho-ho var dağa qaldırar, ho-ho var, dağdan endirər» deyimində olduğu kimi, lulu çobanları sürünü haylayıb yönəltmək üçün lo-lo deyimini işlədirmiş. Bunu təkrar-təkrar müşahidə edən sumerlər bu heyvandar dağ adamlarını lu-lo adlandırmış, mixi yazıda «o» işarəsi olmadığından bunu lulu şəklində yazmışlar. Azər boyları içində «lo-lo» etnoqrafik mahnısı bugünə kimi qalmışdır. Bu adın sumerlər tərəfindən verilməsi daha inandırıcıdır, çünki sumer dilində «adam» anlamı bildirən lu sözü (lu-qal «böyük adam», lu-lo «lo adam») ilkin formanın lulo olduğunu göstərir, lu-lu ilə paralel lu-ər, lo-ər formalarının işlənməsinə haqq qazandırır: şarru mLu-e-ru-ni-u-i «Lueru çarı» (Мещанинов, 1978, 372); Belə ki, lulu boylarının yerində sonralar luər/loər variantından yaranan lur/lor adlı farslaşmış lur/lor boynu görürük və Osmanlı dönəmində Mosul və Urfa sancaqlarında türkmənlərin köçəri təbəqəsi kimi tanınan lor camaatına «türkmən kürdü» (türkman ekradı) deyimi ilə rast gəlirik (OAC, 570).
157) Yalnız m.ö. XII əsrin ortalarına aid bir asur yazısında lulu və qut adları yanaşı çəkilir ki, bu da pozuq fraqment olduğundan təxmini oxunur: «(lu)luları, bütün qutları və onların bütün dağlarını öz qarşısında diz çökdürdü» (АВИИУ, ¹9). Bu cümlənin özü də sanki «dağlardakı bütün qutları (və onların) lulu tayfalarını» deyimini əks etdirir.
158) AT, 1994, 81.
159) Дьяконов, 1956, 101.
160) Yeni daş dövrü (Neolit) Urmu hövzəsində Firuztəpə, Saqzabad yaxınlığında Zağatəpə, Luristanda Qurantəpə, Abdul-Xoseyn arxeoloji abidələri, Eneolit çağında Xasun kulturunun, sonra Quzey-Ubeyd kulturunun Urmu hövzəsinə uzanması, Yanıqtəpə, Hasanlu, Püşdəlitəpə, Dəlmətəpə abidələrinin erkən əkinçi-maldar boylarının axarsu yaxalarında kərpiç evlərdə məskunlaşdığını göstərməsi Güney Azərbaycan əhalisinin yaşam kulturu haqqında təsəvvür yaradır. Tunc dövründə də kultur gələnəkləri və metalişləmə sənəti ilə İkiçayarasında yaranmış mədəniyətdən geri qalmayan Zaqros dağlan ilə Urmu hövzəsindəki protoazər boyları vahid mədəniyət sferasında idilər. Ona görə də quzey-doğuda lulu sınırı Təbriz bölgəsinəcən uzana bilərdi.
161) «İşğala məruz qalan 70 hökmdar, o cümlədən Urmu gölü hövzəsinin əhalisi hərbi ittifaq yaratdılar» (AT, 1994, 69); Lulu, qut, sonralar isə Atropaten dövlətlərindən məlumat verən tarixi qaynaqlar 70 rəqəmini təkrar edir. Bu rəqəmin və Koroğlu dəlilərinin 777 sayı üzərində sonra dayanacağıq.
162) Barton, 129, 150.
163) Bu lulu bəyinin adını bəzi yazarlar Tardunni, bəzisi yarımçıq (…) birini, bəzisi Lişirpirini kimi təqdim edir (Меликишвили, 1954, 48; Алиев, 1960, 82; Дьяконов, 1956, 116).
164) Меликишвили, 1954, 48.
165) AT, 1994, 68-71; Burada ilk lulu elbəyindən (bunu yanlış olaraq Satuni adlandırırlar) tutmuş Anubaniyə qədər (2230-2150 arası) ayrılan təxminən 80 illik dövrün 50 ili Qut elinin (2200-2109) vaxtına düşür.
166) Ur sülaləsindən (2121-2012) təkcə Şulqinin vaxtında (2103-2056) lulu-qut ərazilərinə, Qanxar (Qanqar?), Lullubu, Simurrum, Xarşi, Urbillum (Ərbil) və sair bölgələrə çoxsaylı yürüşlər olmuş, Laqaş çarı Şu-Suen (2046-2038) çağında isə onun canişini Arad- Nannar özünü dəclə yaxası Sabum, Qutum, Urbillum, Xamazi, Qanxar, Qardak və Su (subar) xalqının ağası (ensi) kimi təqdim etmişdir (Дьяконов, 1956, 117-118).
167) «Anubanini şarru dannum şar Lullubium şalamşu u şalam İştar ina şadium Batir uşzirsa salmim annim u dubba şuatam uşazaku Annum u Annatum, Bel u Bellit, Adad u İştar, Sin u Şamaş ...lum» (Алиев, 1960, 82); Anubaninin bu yazısında Göy, Yer, Venera, Ay, Gün tanrılarının sıralanması göstərir ki, lulu boyları öncə Göy tanrısı Tenqiri, sonra isə Yer (Yer-Sub?), Ulduz, Ay, Gün iyələrinə önəm vermişlər. Sonralar Pomponiy Mela (I əsr) amazonka yurdunda «gunaykokratumen» (Gün-Ay, Gök-Yer atum) boyundan bəhs edir, hun bəyi isə özünü «Göyün-Yerin doğduğu, Günün- Ayın hakimiyət verdiyi böyük hun şanyuy» adlandırır (АИОСК, 1990, 100, 228).
168) A. N. Bernştam «verimlilik», «bərəkət», «sevgi» ilahəsi İştar ilə Ay-kağan və ocaqev hamisi Humay arasında uyğunluq axtarmışdır (Бернштам 1935, 35-36); Lulu «panteonları» sırasmda İştar Ay-kağana daha yaxındır. Oğuz dastanının uyğur variantında Oğuzu doğan Ay-kağandır: Ay-Kağanun közü yarıb boradı, erkək oğul toğurdu.
169) Меликишвили, 1954, 127-128; Алиев, 1960, 83.
170) pilie agubie mâtu ebanie âlu Alia bedini dQueraina taramana bedini «Alia şəhəri tərəfindən, (tanrı) Quera taramanı səmtindən ölkəyə kanal çəkdim» (Мещанинов, 1978, 298).
171) AлБ.T, 1993; CejиДов, 1989, 387.
172) AT, 1994, 68; AT 1996, 37; Q. A. Melikişvili isə bu elbəyin adını İmmaşkuş şəklində verir (Меликишвили, 1954, 130).
173) Lulu-Qut eli çağından bəlli olan Qaradağ (Qardak) yeradında olduğu kimi, II Sarqonun vaxtında qeyd olunan lulu toponimi Kullar dağadı bugünə qədər Kollardağ şəklində yaşayır (ТУ, 117; Bax: II Bitik, «Sarqonun yürüş marşurutu»); Astara bölgəsində Hamoşam kəndi yaxınlığında «Lulum yeri» toponimi də diqqəti çəkir (AT, 1996, 38).
174) Abû'l-Farac , 274, 533.
175) Urartu yazısında Luer-uni, luer-uxi kimi verilən luər boyuna aid Tulu şəhərinin bəyi Tsinalibi (Çin Alp) adlanırdı (Меликишвили, 1954, 116; Мещанинов, 1978, 372).
176) Дьяконов, 1956, 102.
177) İ. M. Dyakonovun özü də qeyd edir ki, bu ad akadca olsaydı, AN-banini və ya Anumbanini şəklində yazılmalı idi. Anubani adının da «Kutı çarı» sumer epik əsrində adı keçən Dingir-banin şəxs adı kimi oxuna bilməsini xatirladan Y.Yusifov, haqlı olaraq, Anubani yazısının özündə sumer tanrı adının akadca Annu deyil, Annum şəklində yazıldığını vurğulayıb, Anubani adında həmin tanrı adını axtarmağı yanlış sayır. O bu adın subar dilində ene «tanrı» sözü ilə başlana bilməsini də istisna etmir (Юсифов, 1987, 35); Türk onomastikasında Banu sözü qadın adlarında işlənir. Bu baxımdan, Urartu tanrıcası kimi verilən Arubani tanrıcasının adı (arı-banu «təmiz xatun») və onun Dərəbəy qalasından tapılan (m.ö. VII-VI əsr) tunc heyəli diqqəti çəkir (ИИН СССР, 107).
178) Erol, 1989, 14.
179) F. Deliçə əsaslanan İ. Əliyev Batir dağadının sonrakı mənbələrdə adı keçən Padin, Padan ilə eyni olduğunu güman edir (Алиев, 1960, 82); İ. M. Dyakonov isə əski Akad imlasına görə, BA.Tİ.İR yazılıb, Pa-di-ir (Padir) kimi oxunan bu adın elamca -ir şəkilçisi ilə Pad- kökündən yarandığını yazır (Дьяконов, 1956, 102); Fikir doğrudur, lakin burada «elam dili» əvəzinə «türk dili» deyimi işlənməlidir, çünki bu dağadı etnotoponimdir və bugün də azər türklərinin yarımköçəri padar boylarının adında yaşayır.
180) ТУ, 156.
181) Меликишвили, 1954, 128; Дьяконов, 1956, 101; Юсифов, 1987, 28. Yazarlar hurri dilinə uyğun gəlsin deyə, burada Siduri, Satuni adlarını oxumaq istəmişlər. Azərbaycan tarixçiləri də bu yazıda güya Sidur, Satuni adları keçdiyini təkrar etmişlər (AT, 1996, 37); Lakin nəzərə almaq lazımdır ki, hurri dilində (panteonunda) Siduri kişi deyil, qadın «Deva» obrazıdır (ИДВ, 1988, 84).
182) ИДВ, 1988, 75-76.
183) Струве, 1989.
184) Gelb, 1944, 25, 66.
185) ЯАИА, 1979, 38.




Aratta Eli - Ön Asya'da Kurulan Türk Devletleri - III



Prof.Dr.Firudin Ağasıoğlu Celilov


Əgər Subar Eli ilk türk boyadı kimi tarixə düşən subar boyları baxımından diqqəti çəkirsə, Güney- Azərbaycanda qurulmuş Aratta Eli tarixə bəlli olan ilk türk dövləti kimi önəm daşıyır. Sumerdilli qaynaqlarda adı keçən bu dövlətin siyasi və iqtisadi durumunu, etnik əsasını və coğrafiyasını tədqiq edən, ilk dəfə bu mövzunu Azərbaycan tarix elminə gətirən elamşünas prof. Yusif Yusifov haqlı olaraq, Arattanı ilk Azərbaycan-Türk dövləti kimi dəyərləndirmişdir. (123) Aratta haqqında söylənmiş fikirlər üzərində geniş dayanmağa ehtiyac yoxdur, burada yalnız Y.Yusifovun diqqətindən yayınmış bəzi detallara toxunulacaq, Urmu teoriyası baxımından Arattanın coğrafiyası, dövlət qurumu və ümumi durumu veriləcəkdir.

Arattaya aid bəlgələrin əhəmiyəti bundadır ki, prototürk dövrünü «Altun çağ» kimi verir və sumer-türk əlaqələrinin ilkin mərhələsinə aid bilgini ortaya qoyur, ilk türk dövləti Arattanın dövlət qurumu, iqtisadi durumu, təsərrüfatı və coğrafiyası haqqında təsəvvür yaradır. Aratta adı sumer yazılarında m.ö. III minilin birinci yarısına aid olaylarla, Hind qaynaqlarında isə bu ad iki minil sonrakı hadisələrlə bağlı yad olunur. Bu isə bəzi subar və toqar (toxar) boyları kimi, arattalı boyların da, Y.Yusifovun vurğuladığı kimi, Azərbaycandan doğuya miqrasiyasını göstərir. (124)

Aratta ölkəsi haqqında məlumat Enmerkar və Luqalbanda ilə bağlı Sumer qəhrəmanlıq dastanlarında verilir. (125) Bu epik qəhrəmanlar müasir elmdə Nuh tufanından sonra Sumerdə hakimiyətdə olmuş yarımifik beş çardan və məşhur Bilqamısın babalarından sayılır. (126) İlk dəfə S. N. Kramer İstanbulun Qədim-Doğu muzeyində kiçik bir gil lövhə üzərində tapıb oxuduğu və şərti olaraq «Enmerkar və Aratta hökmdarı» adı verdiyi bu sumer eposunun yazıya alındığı çağlarda populyar olduğunu vurğulayır. (127)

Aratta mövzusu «Enmerkar və Ensuxkeşdanna» dastanında davam edir. (128) Luqalbanda ilə bağlı «Luqalbanda və Hurrum dağı», «Luqalbanda və Enmerkar» dastanlarında da Aratta ölkəsi ön plandadır. (129) Mövzu baxımından bir-birini tamamlayan bu tarixi-epik dastanların qısa özətləri belədir: Sumerdə m.ö. XXVIII-XXVII əsrlərdə Uruk şəhər-dövləti ilə Sumerdən quzey-doğuda yerləşən Aratta ölkəsi arasında ticarət əlaqələri vardır. Əkinçiliyə nisbətən, təsərrüfatında heyvandarlıq və sənətkarlıq inkişaf etmiş dağlıq Aratta ölkəsinə Urukdan taxıl, Arattadan isə ora daş, ağac kimi tikinti materialı, qızıl, gümüş, lacivərd və başqa minerallar aparılırdı. Düşmən ordusunun hücumuna məruz qalanda da uruklular hərbi yardımı Arattadan istəyirdilər. Lakin bu dostluq bəzən pozulduğundan dastanlardakı epizodlar çox vaxt qarşıdurma olaylarını sərgiləyir və təbii ki, sumer dastanında savaş hər dəfə sumerlərin qələbəsi ilə bitir, necə ki, «Enmerkar və Ensuxkeşdanna» hekayəsi Aratta bəyinin yenilməsi ilə nəticələnir:

«Beləcə, Enmerkar ilə Ensuxkeşdanna dartışmasında Enmerkar Ensuxkeşdannanı üstələdi. Alqış sənə, tanrıca Nisaba!» (130)

Bu mübahisəni Uruk çarı deyil, Aratta elbəyi başlamışdı. O, Uruk şəhərinə nota göndərir ki, Arattaya tabe olsunlar və Enmerkar tanrıca İnanna tapınağını Aratta şəhərinə köçürməyə razılıq versinlər. Enmerkar bu tələbi rədd etməklə kifayətlənməyib, Arattanı özündən asılı etmək və Uruk dövlətinin vassal bir bölgəsinə çevirmək istəyini hədə-qorxu ilə bildirir. Bu xəbəri eşidən Aratta sarayı təşvişə düşür. Elbəy şura ilə, görünür, ağsaqqallar şurası ilə gənəşir. Ona məsləhət görürlər ki, göndərilən tələbi qəbul edib razılaşsın. Lakin elbəy şuranın bu qərarına tabe olmayacağını əsəbi şəkıldə bəyan edir. Bu vaxt Aratta elinin başqamı (maşmaş) Ur-Girnunna bu işi sehr və cadu ilə yoluna qoymağı təklif edir və hətta, bu üsulla Uruka qələbə çalmağın da mümkün olduğunu deyir. Bu planını gerçəkləşdirməyi onun özünə həvalə edirlər. Bundan sonra uzun-uzadı sehr-cadu səhnələri təsvir olunur və yuxarıda deyildiyi kimi, sonda Ensuxkeşdanna məğlubiyətini etiraf edir. (131)

«Enmerkar və Aratta elbəyi» dastanında S. N. Kramerin Altun çağ kimi verdiyi 21 sətirlik bir pritça vardır. Qısa məzmunu belədir: O vaxtlar ki, hələ əqrəb-ilan, it-qurd, qorxu-hürkü yoxuydu və o çağda ki, insanın rəqibi yoxuydu, onda dağlıq Şubur-Xamazi, çoxdilli Sumer, Akad və dağlıq Mardu ölkəsi - bütün Dünya tanrının verdiyi bir dildə danışır, tanrı Enlilə hamı bir dildə alqış deyirdi. Onda ki, insanoğlu bir dildə danışırdı, onda söz (bəlağətli nitq), bolluq və tanrıların ağıllı öndəri qısqanc Enki bir dildə danışan insariların dilini dəyişib, ayrı-ayrı dillərə çevirdi. (132)

Bu pritçada bir-iki önəmli bəlgə vardır: «çoxdilli Sumer ölkəsi» deyimi altında sumer və akad dilləri ilə yanaşı, Sumeröncəsi dövrdə (Altun çağ) burada işlənən və tədqiqatçıların «prototiqrid (banana) dili» adlandırdığı dil subar (prototürk) dili olmalıdır, çünki burada ikidilli yox, çoxdilli epiteti işlənmişdir; «Altun çağ» dönəmində insanların bir dildə danışması hərfi mənada işlənmişsə, onda bu, İkiçayarasına hələ sumer və samidilli boyların gəlmədiyi Subar eli çağına işarədir, çünki mətndəki coğrafiya prototürk subar boylarının Atayurdunu göstərir. (133) S.N.Kramerin «Altun çağ» adlandırdığı dövr əgər İkiçayarasının prototürük çağı saydığımız dövrə uyğun gəlirsə, onda güman etmək olar ki, tanrı Enlilə bir dildə alqış deyənlər, əslində, bura sonradan gələn sumerlərin tanrısına deyil, məhz prototürk subar boylarının Tenqer (teñer), sumerlərin Dingir (diñir) dediyi Bir Tanrıya tapınmışlar. Burada diqqəti çəkən məsələlərdən biri də, bu motivin Bibliyada belə əks olunmasıdır: Babil qülləsini qura-qura yuxarı qalxıb, tanrı məqamına yaxınlaşan insanların qarşısını almaq üçün tanrı onları birləşdirən bir dili dəyişib, insanları çoxdilli etməklə qarşıdurma olaylarına meydan vermişdir.

Belə bir motivin məhz Arattaya gedən qasidin söyləməsi, görünür, sumer yazarının düşündüyü psixoloji təzyiq vasitəsidir; çünki həddini aşan insanlara qəzəblənən tanrı onların dilini dəyişərək qovğalara yol açdığı kimi, tanrı Enkinin Abzu məbədinə lazım olan bər-bəzək, tikinti materialı vermək istəməyən arattalılar da Enki qəzəbinə düçar ola bilər, necə ki, vaxtilə arattalıların soydaşları yaşayan birdilli Subar eli parçalanıb, çoxdilli ölkəyə çevrildi.

Sonralar Tövratda təkrar olunan Nuh tufanı, Nuhöğulları səcərəsi, tanrının istəyilə Babildə bir dildən çoxdilli duruma keçilməsi kimi sumer motivləri türk divan ədəbiyatında dərin iz buraxmışdır. Samın şəcərəsində Elam, Asur, Arpokşad adlarının yanaşı verilməsi və Nuh tufanından iki il sonra doğulan Arpokşadın soyundan törəyənlər sırasında Yoktan və Peleq (Böləg?) qardaşları, yerüzü yenidən bölünən dönəmdə yaşamış Peleg soyundan Seruc (başqa variantda Seruq//Saruq), onun soyundan Terax (tanrı elçisi İbrahimin atası) kimi adlar subar-türk adları ilə paralellik təşkil edir. Belə ki, Peleg və subar bəyi Balaq, Arpokşad və Türkşad, Terax və Terek (türük?) adları göstərir ki, Tövrat çox qədim qaynaqlar əsasında yazılmışdır. (134)

Çöx güman ki, tanrı elçisi İbrahimin dili də sumercə idi, çünki o, Sumer ölkəsində Urda doğulmuşdu. Ançaq soykökü baxımından sumer deyildi, ata-babaları Mada (Midiya) elindən, yəni o çağda Aratta adlanan qədim Azərbaycandan Sumer ölkəsinə köçüb gəlmişdilər. Qədim Bizans tarixçisi F. Simokatta da Midiyanı İbrahimin vətəni adlandırır. Bibliyada verilən İbrahimin babalarının adı müxtəlif qaynaqlarda (Təbəri, Əbül Fərəc və b.) Nuh, Arpakşad, Salih, Eber, Peleg, Arqu, Saruq, Terax (=Azər) kimi də qeyd olunur ki, bunların bəzisi şəxsadı yox, sonrakı çağlarda da geniş işlənən türk (arqu, saruq, terax, azər) boylarının adıdır.

Sumerdən Arattaya gedən yolun yönü Aratta ilə bağlı coğrafi adlar ilə müəyyən olunur. Urukdan çıxan qasid müasir Bağdad-Kərkük yolu ilə deyil, Süleymaniyə bölgəsində olan Qaradağa çatana qədər Zaqros dağları boyunca quzeyə qalxır. Öncə, doğudakı Zubi dağını aşıb, Elamın bir bölgəsi olan Anşan dağlarına və sağda qalan Suz şəhərinə uzaqdan «balaca siçan kimi» baxıb, gizlincə təzim edir, sonra «beş dağ, altı dağ, yeddi dağ» aşıb Arattaya çatır. Bu marşrutun yönünü müəyyən etmək üçün müasir xəritələrə baxmaq kifayətdir.

Uruk-Aratta yolu Dəclə çayının doğu tərəfınə keçəndən sonra Əhəməni çağında da işlək olan Suz-Ərbil «şah yolu»na çıxır. Bu yolla Zaqros dağlarının batı ətəkləri ilə yuxarı qalxıb, müasir Qaratəpə və Qaradağ bölgələrinə çatandan sonra Diala (qədim Turna) və Qızıl-üzən çaylarının başlandığı dağlıq Aratta ölkəsinə girmək olur. Sumer qasidindən iki minil sonra II Sarqon da Diala çayının yuxarı qollarından birı olan Aratta çayını məhz bu bölgədə keçir. (135) Ona görə də, Aratta elini İranın doğusunda axtarmağın heç bir elmi əsası yoxdur. (136)

Y.Yusifov doğru olaraq, yazır ki, «Aratta anlayışı, yəqin, Sənənc, Kirmanşah, Həmədan bölgələrini də əhatə edirdi». (137) Müasir Saqqız ətrafındakı bölgələri əhatə edən Aratta ölkəsi lulu boylarının yaşadığı, sonra kassi boylarının gəlib oturduğu və akad-asur yazılarında Zamua adlanan bölgəni də içinə alırdı. İç-Zamua isə Urmu gölünə tərəf uzanan yerlər idi. Luqalbanda haqqında bir-birıni mövzuca tamamlayan iki dastanda verilən epizodlarda onun Urukdan uzaqda yerləşən Zabu (Zamua?) ölkəsində və Hurrum (Urum?) dağlarında dolaşması da diqqəti çəkir.

Biri «Luqalbanda və Hurrum dağı», digəri «Luqalbanda və Enmerkar» adlanan bu dastanların qısa məzmunu belədir: Uruk hökmdarı Enmerkar böyük bir dəstə ilə Arattaya getmək üçün yola çıxır. Onu müşayiət edənlər arasında olan Luqalbanda Hurrum dağına çatanda xəstələnir. Dost və qardaşları Luqalbandanın nəfəs almadığını görüb, öldüyünü güman edirlər və onu hələlik burada qoyub, Arattadan qayıdanda vətənə aparmağı qərara alırlar. Lakin iki gündən sonra Luqalbanda gözünü açır və taqətsiz halda bir-bir Günəş, Venera və Ay tanrılarına yalvarır ki, «dostu-qardaşı, ata-anası olmayan» bu qərib ölkənin «xaşur» ağaclı Hurrum dağında onu həyata qaytarsınlar. Utu ona təpər, İnanna həyat nəfəsi, Sin yaşam verir.

Bu yardım üçün tanrılara təşəkkür edən Luqalbanda sağalır. (İkinci dastan isə mövzunu belə davam etdirir): Bir neçə dostu ilə Zabu ölkəsində qalmış Luqalbanda doğma şəhərinə qayıtmaq istəyir, bu üzaq yolu keçmək üçün İmduqud adlı quşun balalarına qayğı göstərir, quş da ona sürətli hərəkət etmə bacarığı verir. Luqalbanda Zabu ölkəsindən çıxıb, uca dağları, yeraltı mifik Kur çayını uğurla keçərək Uruk elinə qayıdır. Bu vaxt Uruk şəhərini batıdan gələn sami tayfaları mühasirəyə almışdı. Ağır duruma düşən Enmerkar yardım üçün Arattaya, «bacısı» tanrıca İnannaya qasid göndərmək istəyirdi. Lakin heç kim bu ağır səfərə könüllü getmək üçün səsini çıxarmır. Luqalbanda isə Enmerkara yaxınlaşıb, deyir ki, bu xəbəri Aratta elinə çatdırmaq üçün yola çıxmağa razıdır. Dostları onu bu istəkdən çəkinməyə çalışsalar da, fikrindən dönmür. Anşan ölkəsini başdanayaga kəsən yeddi dağı (Zaqros dağlarını) aşıb, Aratta elinə çatır və Enmerkarın yardım istədiyini İnannaya deyir. Bunun üçün İnanna müxtəlif qurbanlar verməyi məsləhət görür və dastan burada bitir. (138)

Burada İmduqud quşu ilə bağlı epizodun Azərbaycan nağıllarında Simurq quşu ilə təkrar olunması, Məlikməmmədin qaranlıq dünyaya düşməsi və yuxarıdakı pritçada subar boyadı kimi diqqəti çəkən Şubur- Xamazi adlı dağlıq ölkənin Zaqros dağında verilməsi müəyyən paralellər aparmağa imkan yaradır. Müasir Xorram-abadın Hurrum (və ya Xurrum) dağadına bənzəməsi, Hurrumun bu bölgədə, indiki Luristan ərazisində olması fikrini mümkün edir, çünki Hurrum dağı Urukdan Arattaya gedən yolun sağında qalır. Eyni zamanda, Hurrum adı ilə urum boyadı arasındakı əlaqəni də istisna etmək olmaz. Beləliklə, Aratta ölkəsinin güney sınırları Güney Azərbaycanın güney bölgələrini əhatə edir. Aratta elindən sonralar doğuya miqrasiya edən boyların bir qismi burada arattalı kimi tanınmış, ola bilər ki, Herat yeradı da Arat (Aratta) adından yaranmışdır.

Sumer qaynaqları Aratta ölkəsinin çox uzaqda olmadığını aydın göstərir. Belə ki, bu iki ölkə arasında intensiv ticarət əlaqəsi, hər ikisində İnanna tapınağının olması, məbəd tikmək və onu bəzəmək üçün ustaların, o cümlədən ağac-daş kimi ağır tikinti materialının Arattadan gətirilməsi, bu ölkələrdən birinin digərini vassal bölgəyə çevirmə istəyi və sair bu kimi bəlgələr bu dövlətlərin bir-birindən çox uzaqda olmadığını açıqca ortaya qoyur. Urukla Aratta arasında olan əlaqədə daha qədim gələnəyin mövcudluğu görünməkdədir. Enmerkarın qasidi «arı törənlər yurdu» olan Aratta ölkəsinin elbəyinə Uruk çarını belə təqdim edir:


Arı törənlər yurdunda qutlu İnək süd verən,
Aratta torpağında boy ataraq yüksələn,
Utu yavrusu Enmerkardır!
. . .(tanrıca) Onu sahibə kimi şubarlı qul tək,
Eanna məbədinə aparmaq şərəfini
Mənim Başqam ağama (Enmerkara) verdi.(139)


Əgər Uruk hökmdarı Enmerkar Arattada boya-başa çatıbsa, deməli, Uruk şəhərini salıb, dövlət quran sülalənin kökü Aratta boyları ilə bağlıdır. Belə ehtimal özünü doğrultsa, onda dastanların birində İnanna tapınağının Urukdan Arattaya aparılması arzusunun o biri dastanda artıq gerçəkləşdiyini görəndə təəccüb etməməliyik. Urukda sonra bu soydan baş kahin və çar seçilən Bilqamıs haqqındakı dastanlarda da Koroğlu və Dədə-Qorqud motivlərinə təbii baxmamız gərəkir. (140)

Dağlıq ölkə olan Arattanın coğrafi durumundan asılı olaraq, onun təsərrüfat növləri və sosial-iqtisadi səviyəsi formalaşmışdır. «Burada dəmyə əkinçiliyi geniş yayılmışdır. Əkin sahələrinin məhsuldar olması isə yağışdan asılı idi. Mövsüm quraqlıq keçəndə Sumerlə və başqa əkinçilik mərkəzlərilə taxıl mübadiləsi genişlənirdi. Qaynaqdan məlum olur ki, Aratta əhalisi əkinçiliklə məşğul olur, buğda və noxud becərirdilər». (141) Zaqros dağlarının yuxarı hissələrində hələ Carmo kulturu çağından dəmyə əkinçiliyi ilə yanaşı, qoyun-keçi saxlanan təsərrüfata rast gəlmək olur və təbii ki, Azərbaycanın Aratta bölgəsində heyvandarlıq artıq uzun keçmişi olan bir təsərrüfat növünə çevrilmişdi.

Arattanın mineral yataqları burada bər-bəzək əşyaları hazırlayan ustaların yetişməsinə, metalişləmə sənətinin inkişafına şərait yaratmışdı. Sumer məbədlərinin tikintisində qiymətli mineral daşların, qızıl-gümüş və tikinti materialının Arattadan gətirilməsi ilə yanaşı, bu tikintilərdə işləməyi bacaran ustaların da Arattadan cəlb edilməsi qaynaqda əks olunmuşdur. Aratta ölkəsində sənətkarlığın inkişafı sonrakı çağlarda da özünü göstərir. Belə ki, Luristanın silahları, bəzəkli qab-qacaq çeşidləri, cizgi-rəsm sənətində «an» üslubunun ilk nümunələri m.ö. II minilin sonlarına aid arxeoloji abidələrdə, Ziviyə-Saqqız dəfnələrində aşkar edilmişdir. Görünür, burada metalişləmə ilə yanaşı, daşyonma və dülgərlik sənəti də inkişaf etmişdi, çünki sumer dastanları məbəd tikmək üçün bu ustaların da çağrılmasını qeyd edir.




Aratta elinin sosial durumu və dövlət qurumu haqqında, dolayı da olsa, qaynaqlar müəyyən bilgi verir. Bəlli olur ki, elbəy Aratta şəhərində sarayda oturur, burada «şura» (ağsaqqallar şurası) və müşavirlər vardır. Burada milli və dini törənlərə nəzarət qamların əlindədir, ölkənin və dövlətin sumercə «maşmaş» termini ilə verilən baş kahini (başqam) yeri gələndə vəzir və ya başbuğ statusunda savaş meydaınında görünür. Dövlət başçısı elbəy bəzən qaynaqda baş kahin adlanır ki, bu müəyən çağlarda onun həm də başqam vəzifəsi daşıdığını göstərir. İnanna tapınağının bu rada olması və Aratta ölkəsinin «saf, arı törənlər yurdu» sayılması da diqqəti çəkir. (142) Bu bölgədə sonralar lulu elbəyinin akad dilində yazdırdığı bəlgədə də İştar tanrıcaya tapınma əks olunub. Təəssüf ki, qaynaqlar bu tanrıcanın sumer-akad dilindəki İnanna-İştar adlarını verir, lulu-arattalı boyların dilində isə onun necə adlanması bəlli olmur.

Aratta elində Sumerdə olduğu kimi, hakimiyətin tanrı tərəfindən verildiyi (qut) inancı vardı və elbəy məqamı qutlu sayılırdı, lakin Sumerdən fərqli olaraq, Arattanın dövlət simvolu əsa (skipetr) deyildi, ona görə də, Enmerkarın Aratta elbəyinə əsa göndərməsi onu bərk əsəbləşdirir və o, sumer qasidinə deyir ki, onun skipetri «göy qübbəsidir». (143) Sonrakı türk dövlətlərində geniş işlənən şad titulu Aratta sarayında da görünür. Uruk dövlətinin göndərdiyi «Arattanın Uruka tabe olması» təkliflərinə elbəy birbaşa cavab yermir: bir halda ağsaqqallar şurası ilə məsləhətləşir, başqa bir epizodda isə saraydakı şatammu ilə gənəşir, bundan sonra öz qərarını bildirir. Dastanı ilk oxuyub tərcümə edən S.N.Kramer şatammu sözünün mətnə uyğun «vəzifəsi o qədər də aydın olmayan müşavir anlamı daşıdığını» qeyd etmişdir. (144) İ.M. Dyakonov m.ö.1821-ci ilə aid bir sumer alqısatqı sənədində işlənən şatammu sözünün vəzifə deyil, müxtəlif vəzifələrdə olanlara verilən «nəzarətçi» funksiyası anlamı daşıdığını yazır. (145)

Aratta elinin dövlət qurumu haqqında dəqiq məlumat olmasa da, önəmli olayların çözüldüyü sarayın, saray qarşısında toplantı meydanının olması və taleyüklü məsələlərin müzakirəsində ağsaqqallar şurasının iştirakı, saray qarşısında xalq nümayəndələri və ərənlərin söz demək hüqüqu göstərir ki, T.Yakobsen və S. Kramerin təbirincə desək, Aratta eli «Qədim demokratiya» siyasi qurumuna malik idi. (146) Lakin bu görkəmli alimlərin sözü Arattaya deyil, Sumerə aiddir: Yuxarı palatanı təşkil edən konservativ ağsaqqallar şurası «senat» və xalq nümayəndələri ilə döyüşçüləri təmsil edən aşağı palata Sumerdə «ikipalatalı parlament» sistemi olduğunu ortaya qoyur. Sumerdə yuxarı palatanın çıxardığı qərara çarın veto qoymasını çox vaxt aşağı palata alqışla qarşılayır. Eyni durum Arattada təkrar olunursa, deməli, bu idarəçilik üsulunu Aratta elinə də aid etmək olar. Həm də bu durum sonrakı türk dövlətlərində uzun müddət, mərkəzləşmiş və irsi hakimiyət sisteminə keçən İkiçayarasında isə az davam etmişdir.

Aratta çağında biri digərini özündən asılı vəziyətə salmaq istəyən və bu yöndə diplomatik danışıqlar nəticə verməyəndə savaş yolunu seçən iki xalqın tarixi əlaqələri daha çox ticarət sahəsində özünü göstərir. Türk-sumer əlaqəsində çətinə düşən sumerlərin Arattadan yardım umduğunu da görmək olur. Bu durumun sonrakı çağlarda davam etməsi sumer-qut əlaqələrində özünü göstərir. XXIII əsrin sonunda Akad tərəfindən çox əziyətlərə düçar olan Sumer əhalisi xilas yolunu qutlara tabe olmaqda görür. «Akadın lənətlənməsi» adlı epik əsərdə tanrı Enlilin çağrışı ilə qutların Sumerə köməyə gəlməsi, «Vaydner xronikası» adlı qaynaqda Qutların İkiçayarasına hücum edib, Akad və Sumeri tutması tanrı Mardukun iradəsilə gerçəkləşdiyi yazılır. Bu qaynaq qeyd edir ki, Akad çarı Naram-Suen Babil əhalisini məhv etdiyi üçün o, iki dəfə (!) Qut ordusunu (ummān Qu-ti-i) köməyə çağırır və burada hakimiyəti qutlara verir. (147)

Beləliklə, tarixdə ilk türk dövləti olan Aratta elinin coğrafiyası, iqtisadi durumu, təsərrüfatı və dövlət qurumu ilə, ötəri də olsa, tanış olduq. Aratta elində işlənən şəxs adları da diqqəti çəkir: elbəy Ensuxkeşdanna və ya En-Sukeşdan (İ. M. Dyakonov), başqam Ur-Girnunna, vəzır Ansiqqaria. Bu adların müxtəlif oxunuşu məsələsinə və təhlilinə sonrakı bitiklərdə qayıdacağıq. Hələlik, Arattadan sonra yaranan türk dövlətlərini izləyək.



dipnotlar:
123) Юсифов, 1987; Jyсифов, 1993, 125-128, 331-335; AT, 1994, 61-69; Xızıda oturub söhbət etdiyimiz vaxtlar dəfələrlə Azərbaycanda türklərin m.ö. III minildən mövcud olduğunu vurğulayan bu görkəmli tarix uzmanı ömrünün son aylarında bir daha ümumi tarixşünaslıqda Aratta dövləti mövzusuna qayıtdı, əvvəlki bəlgələrə qədim Hind qaynaqlarını da əlavə edib iki samballı məqalə yazdı (Jyсифов, 1997, №1, №2).
124) Jyсифов, 1997, №2, 110, 128.
125) Крамер, 1965 (II basqı, 1991); Wilcke, 1969; Berlin, 1979; Афанасьева, 1979, 97-98; Белицкий, 1980, 80-93; МОД, 1987, 9; Юсифов, 1987.
126) МОД, 9-10.
127) Крамер, 1991, 32-36.
128) Berlin, 1979; Крамер, 1991, 206-208.
129) Wilcke, 1969; Афанасьева, 1979, 97.
130) Крамер, 1991, 208.
131) Eyni qaynaq
132) Eyni qaynaq, 221.
133) Son tədqiqatlara görə, mətndəki coğrafı hüdudlar batıda Aralıqdənizi, doğuda İran dağları, quzeydə Güney-doğu Anadolu (Ermən dağları), güneydə isə Bars körfəzi, idi (Kpaмep, 1991, 223; MOД, 1987, 10).
134) Sumer yazısını təkrar edən Tövratda belə deyilir: «Və bütün dünyanın dili bir və sözü birdi... Və dedilər: bütün yerüzünə dağılmayaq - deyə, gəlin özümüzə bir şəhər və başı göylərə yetişən bir qüllə tikək və özümüzə bir ad verək. Və adamoğullarının tikdiyi şəhəri və qülləni görmək üçün Rəb endi. Və Rəb dedi: İndi bir uruqdurlar və hamısının bir dili var... Bundan dolayı onun adına Babil deyildi, çünki Rəb bütün dünyanın dilini orada qarışdırdı» (Tekvin, 10-12; 11, 1-9).
135) Doğrudur, Sarqon da «yeddi dağ» aşıb bura girir, lakin nəzərə almaq lazımdır ki, Sumer qasidi yeddi dağı güneydən quzeyə gedərkən keçir, Sarqon isə bu dağları batıdan doğuya gedərək, həm də Kollar-dağ silsiləsini aşandan sonra keçir. Ona görə də, Y.Yusifovun «yeddi dağ» deyimini sübut kimi verməsi özünü doğrultmur. Sumercə hursaq Zubi deyiminin də «qaradağ» kimi oxunub, Süleymaniyə şəhərindən güneydə olan Qaradağ ilə müqayisəsi yerinə düşmür, çünki qasid Zubi dağını Aratta yaxınlığında yox, öz ölkəsindən çıxarkən keçir. Həm də, subar boylarının yaşadığı Qaradağ bölgəsinin adı elə sumer yazısmda Qardaka şəklində m.ö.XXI əsrdə qeyd olunmuşdur (Дьяконов, 1956, 118).
136) Bəzi tarixçilər qaynaqlarda Aratta ilə bağlı məlumatın məntiqi və onomastik bəlgələr ilə deyil, yalnız Uruka Arattadan lacivərd (lazurit) göndərilməsi faktından çıxış edərək, bu mineralın Bədəxşandan gətirildiyini vurğulayır, Arattanı Sumerin doğusundakı böyük bir ölkə olan Elamın üzərindən atladıb, Əfqanıstan və Hindistanda yerləşdirmək istəyirlər. Əvvəla, bu məntiqlə lacivərd çıxan istənilən ölkəni Aratta saymaq olar; ikincisi, qaynaqlar bu mineralın Azərbaycanın Dizmar, Mazandaran bölgələrində olduğunu da qeyd edir (Jyсифов, 1997, ¹2, 123); üçüncüsü də, Arattada lacivərd yatağı olmasaydı da, doğudan gəlib, Həmədandan keçən ticarət yolunda Aratta tranzit ölkə ola bilərdi; nəhayət, tarixçilərin gözdən qaçırdığı bu faktı da nəzərə almaq lazımdır ki, Uruk Aratta elindən lacivərd tələb etdiyi kimi, bəzən ticarət malı kimi Aratta da Urukdan lacivərd tələb edirdi (Крамер, 1991, 34); S. Kramer də yazır ki, Aratta ölkəsi Xəzər dənizi yaxınlarında idi (Крамер, 2002, 56).
137) Jyсифов, 1997, №2, 125-126.
138) Крамер, 1991, 208-212; Wilcke, 1969.
139) Крамер, 1991, 39.
140) Ümumiyətlə, sumer-türk əlaqələrində ortaq sözlərlə yanaşı, mifik və epik əsərlərin də dərindən öyrənilməsi vacibdir. Əgər Aratta-Uruk əlaqələrinin alt qatında bilmədiyimiz daha bir dərin qat varsa, onda sumerlərin uzaqdan deyil, Luristandan İkiçayarasına gəlməsi fikrini fərziyə kimi irəli sürmək olar. Bu halda, prototürk etnosunun güney qonşusu elamlılar deyil, sumerlər olur, yəni sumerlər türk və elam arasında yerləşir.
141) AT, 1994, 66.
142) Ola bilər ki, bu deyim aratta adının etimologiyası üçün açar olsun. Məsələn, Aratta adı dağla deyil, inancla bağlı Ar-Ata (ər-ata) deyimidirsə, onda Arattanın batı qonşusu Arapha (Kərkük) adı da Ar-Apa (ər-apa) kimi izah oluna bilər, çünki bəzən Araphanın adı Alilani (Tanrılar şəhəri) kimi də verilir (ИДВ, 1988, 75); Əlbəttə, bu yozum sübuta ehtiyacı olan bir fərziyədir.
143) S. N. Kramer qeyd edir ki, elbəy hakimiyət simvolu olan əsanı görəndə nədənsə bərk qəzəblənir (Крамер, 1991, 34, 39); Əlbəttə, hakimiyət simvolu yay olan türk törəsinə görə, qarşı tərəfin öz hakimiyət simvolunu (əsanı) göndərməsi dövlətçilik gələnəyini dəyişmə təklifi kimi qəbul oluna bilər, bu halda elbəyin qəzəblənməsinin səbəbi aydın olur.
144) Крамер, 1991, 34.
145) Дьяконов, 1990, 173, 239-240, 353; Onun verdiyi yozum doğrudur, çünki sonrakı çağlarda da türk prinsləri müəyyən vəzifə alandan sonra adlarına şad titulu qoşulur. O, alqı-satqıdan vergi ödəyən Kuvar kəndlilərinin - ərənlərin («eren Kuvari») imzalarını möhürü ilə təsdiq edən şatammunu «nəzarətçi» kimi verir və həmin sumer sənədində keçən Şatvak adını gümanla elam tanrıadı sayır. Babil dövləti çağında şatammu titulunun böyük məbəd və məbəd təsərrüfatının başçısı kimi işlənməsini, hətta B. Landsbergerin bunu «yepiskop» kimi tərcümə etdiyini vurğulayır. İ. M. Dyakonova görə, tamkârum termini də tacir deyil, vergi yığan anlamına uyğun gəlir (səh. 192). Bu sözün isə qədim türkcədən alınma tamqa ilə bağlı olduğunu I Bitikdə vermişdik.
146) Крамер, 1991, 40-44.
147) Mirzəyev, 2003, 6.