Kuman Bəyliyi
Prof.Dr.Firudin Ağasıoğlu Celilov
Sami və hurri tayfalarının m.ö. III-II minillərdə təzyiqilə dağılan Subar boybirliklərindən qalmış bəzi boyların İkiçayarasının quzey bölgələrində və Fərat çayının batı yaxalarında yerləşdiyini görmək olur. Belə boylardan biri də kumanlardır. Fəratın batı yaxasına keçən kumuq və kuman boyları bir müddətdən sonra yerli tayfaların içində əriyib getdi, lakin onların yerləşdiyi ərazilər uzun müddət Kumuq və Kuman ölkəsi kimi tanındı. Asur yazılarında Kammanu, Boğazköy kitabələrində Kummaneşmax, Kummanni, Urartu yazılarında Qamana şəklində verilən ölkə indiki Malatiya bölgəsini əhatə edirdi.
Burada haqqında danışacağımız digər Kuman ölkəsi isə Dəclə çayının doğusunda qədim Azərbaycan sınırında idi. Görünür, Ptolemey bu iki kuman ölkəsini fərqləndirmək üçün əvvəlkini Kόμανα Kαππαδο κία ς (Kappadokiya Kumanı) adlandırmışdır. (266) Urartu qaynaqları həmin çağlarda daha bir kamaniu (kuman) boyunun Göycə gölü yaxasında yaşadığını göstərir. (267) Bu kumanlar indiki Basarkeçər bölgəsinin qədim sakinləri idi. Dəryal (Daryol) keçidində gürcü arxeoloqlarının axtarışı ilə üzə çıxan Kuman qalası da m.ö.VII-VI əsrlərdə salınmışdır. Hazırda təkcə Lənkəran bölgəsində üç Kumanlı kəndi vardır.
Tarixi qaynaqlar qədim türk boylarından biri olan kuman boyunun m.ö II minildə Qədim Azərbaycanın batı qonşuluğunda yaşadığını, miladdan sonrakı minildə isə zaman-zaman bir ucu Sibir, digər ucu Avropanın ortalarına çatan ərazilərdə göründüyünü əks etdirir. Bu boyların belə uzaq regionlara miqrasiya etmə səbəbi ayrıca bir boyun tarixi-coğrafi bəlgələri ilə deyil, ümumtürk tarixi fonunda aydınlaşır. Çünki Qıpçaq Bozqırından (Dəşti-Qıpçaq) keçən digər soydaşlarının tarixi taleyini kuman boyları da yaşamışdır.
Göründüyü kimi, tarixi qaynaqlar kuman boylarının miladdan öncəki minillikdə üç müxtəlif regiona (Kiçik Asiya, Dəclə yaxası, Qafqaz) dağıldığını əks etdirir. Burada onların hamısından deyil, yalnız Dəclə yaxasındakı kumanlar haqqında bəzi tarixi sənədləri şərh edib, subar, qut, turuk, kumuq və sair qədim türk boyları kimi, kumanların da Ön Asiyadan doğu və quzey yönlərə miqrasiya etdiyini görmək üçün Azərbaycan üzərindən Quzey-Qafqaza və Qıpçaq çölünə gedən kumanların tarixi durumuna, ötəri də olsa toxunacağıq. Öncə onu deyək ki, türk dillərində kürən, sarışın anlamı verən kuman adı altında tanınan boylarla kontaktda olmuş xalqlar onları əsasən kumanu, kumenu (asur, urartu), kumanos, kumanoi (yunan, latın) adlandırsa da, bəzi yazılarda bu boy adının kuman//kuban, koman// koban, kaman//kaban, kumanlı//kumandı şəklində yayıldığını da görmək olur. Əgər kuman adındakı «sarışın» anlamını nəzərə alsaq, türk boyları içində onların həm də sarı, ər-sarı, sarı-uqur, sarı-tirgiş, sarıcalı adı daşıyan soylarla ilgisi olduğunu düşünmək olar. Rus abidələrində sarışın (polovets) kimi tanınan kumanlar alman yazılarında da eyni anlamda (Falben) xatırlanır. Məşhur kuman bəyi Şarukan (Sarıxan) adında həmin anlam vardır.
Dəclənin sol yaxasında kuman boyları m.ö. XIII-VII əsrlərdə vaxtaşırı Asur-Urartu yazılarında yad olunur. Bu yazılara görə, Kuman ölkəsi Dəclə çayının doğu qolu Xabur ilə Cudi dağı arasında yerləşir. E. Forrer bu yazılarda kumanların başkəndi kimi verilən Kipşu toponimini Xabur kənarındakı Zaxodan 14 km aralı olan müasir Qefşe ilə eyniləşdirmiş və sonrakı tədqiqatçıların hamısı bu fikri qəbul etmişlər.
Zaxo ilə Hakkari arasında dağlıq bölgədə yerləşən Kuman ölkəsi batıdan Dəclə çayı və çayın arxasındakı Musru, Kutmux ölkəsi, quzey və doğudan Xabxi, Elxuniya, Şarnida, Mexri, Kume və Musasir ölkələri ilə əhatə olunmuşdu, güney-doğu tərəfdə isə kumanlar qut boyları ilə qonşu idilər.
Asur çarı Tukulti-Ninurta öz yazısında (XIII əsrin sonu) qeyd edir ki, «…mənim qolum yauri dağlarında qutiləri, (u)qumanları, Mexriyə qədər Elxuniya və Şarnida ölkələrini müti etdi». (268) Başqa bir asur çarının bəzi hissələri pozulmuş kitabəsində isə (bunu şərti olaraq I Tiqlatpalasara aid edirlər) ona qədər heç bir asur çarının ayağı dəyməyən və heç kimdən asılı olmayan Kuman ölkəsinə getməsi və burada müxtəlif kəndləri zəbt etməsi təsvir olunur, hətta həmin kəndlərin sırasında Saka (Saqa) adlı iki kəndin olması da göstərilir və I Tiqlatpalasar (1115-1077) özünün VI yürüşündə Musru üzərinə gedərkən qarşısına kuman boylarının çıxdığını yazır. (269) Bəzi müəlliflər Kuman ilə Kume şəhərini qarışıq saldıqları kimi, Musru ilə Musasir ölkəsini də qarışdırırlar, halbuki bunların hamısı ayrıayrı bölgələrdir və hətta bəzən eyni mətndə bunların adı ayrı-ayrılıqda qeyd olunur. Musru ölkəsinin nə Misirə, nə də Musasirə dəxli yoxdur, folklorumuzda «Misri qılınc» ifadəsi ilə adı bizə tanış olan Musru ölkəsi kumanların batı qonşuluğunda Cudi dağının qənşərində yerləşirdi. Bu yaxın qonşuluq səbəbindən, kuman boyları musru boylarına köməyə gəlir.
Həmin yazıdan bəzi hissələri gözdən keçirək: (270)
(V, 73) Kumanların ordusu gerçəkdən Musru ölkəsinin köməyinə çıxdı; mən onlarla həqiqətən dağlarda vuruşdum, onları məğlub etdim, onları Aisa dağının ətəyindəki Arina şəhərinə saldım (qapadım). Onlar mənim ayağımı qucaqladı, onlara girovlar, vergi və bac-xərac təyin etdim.
(V, 82) Bu zaman Musru ölkəsinə köməyə çıxmağı qət etmiş kumanların hamısı savaşın baş tutması və mənə qarşı durmaq üçün özlərinin bütün bölgələrini səfərbər etdilər, ancaq bundan sonra qəzəbli silahımın kəsəri ilə mən onların 20 000-lik böyük qoşunu ilə Tala dağında vuruşdum, onları məğlub etdim, onların çoxsaylı dəstələrini pərən-pərən saldım (səpələdim) və əzilənləri Musru ölkəsinin qənşərindəki Xarusa dağına qədər izlədim…
(V, 99) Onların güvənc yeri Xunusu şəhərinin üstünü təpələri basan tufan kimi örtdüm, onların çoxsaylı ordusu ilə şəhərdə və dağlarda qəzəblə vuruşdum, onları məğlubiyətə uğratdım… Bu şəhəri zəbt edib onların tanrısını (məbudunu) apardım, var-dövlətini (yığıb) apardım, şəhəri yandırdım, söküb dağıtdım; bişmiş kərpiclə hörülmüş 3 böyük divarını sökdüm…
(VI, 22) Mənim sahibim (tanrı) Aşşura güvənərək mən özümlə hərb arabalarımı və döyüşçülərimi götürüb, onların çar şəhəri Kipşunu (Kibşa) mühasirəyə aldım. Mənim təpərli döyüşümün təsirindən qorxuya düşən kumanların çarı ayaqlarımı qucaqladı. Mən onun canını qurtardım, lakin ona əmr etdim ki, bişmiş kərpicli böyük divarını və qala bürclərini söksün, o da özülündən başına (dişinə) qədər bunları söküb, xaraba təpəliyə çevirdi. Həmçinin mənim himayədarım Aşşura tabe olmayanları, burada sığınan 300 günahkar yuvanı (ailəni) o çıxartdı, mən ondan təhvil aldım; ondan girovlar götürdüm, həm də əvvəlki ödənc və bac-xəracı artırıb, onun üzərinə qoydum.
Asur çarları, adətən, zəbt edib, ərazisini Asur əyalətinə çevirdiyi ölkələri öz yazılarında mütləq qeyd edirlər. Bu yazıdan göründüyü kimi, asur çarı Kuman ölkəsini tutmaqdan deyil, yalnız kult şəhəri Xunusa və başkənd Kipşuna hücum edib, bu şəhərləri yağmaladığından bəhs edir. Asur çarı II Adadnerari (911-890) də hakimiyətə gələn kimi, ilk yürüşünü Kuman ölkəsinədən başlayır və bu yürüş barədə sözlərini həm Aşşurdakı (Asur) sarayın divarına, həm də başqa bir yazısında titullarını sadaladığı hissədə həkk etdirir: (271)
1)…Çarlığımın əvvəlində, hakimiyətimin birinci ilində, nə vaxt ki, çarlıq taxtına qüdrətlə oturdum, uca sahib, mənim rəbbim Aşşurun hökmü ilə hərb arabalarımı və əskərlərimi toplayıb, kumanların üzərinə getdim, kumanların geniş ölkəsini məğlub etdim. Kumanların çarı İluya öz sarayında mənim əlimi tutdu. Onun qardaşlarını toplu (halda) əzdim, onlara böyük cəza görkü sərgilədim, onların var-dövlətini, onların iri və xırda mal-qarasını öz şəhərim Aşşura apardım. Onların tanrısını (məbudunu) rəbbim Aşşurun qarşısında hədiyə verdim. Mənim silahımın qarşısından qaçan onların ordusunun qalıqları qayıtdı və mən onlara sakit yaşayış məskənlərində (evlərdə) yaşam verdim.
2) [Titulatura hissəsindən] Güclü qəhrəman, rəbbi Aşşurun köməyilə Namru ölkəsi aşırımına qədər Zamua (ölkəsini) və lulumelər ölkəsinin sınırındakı Aşağı Zab çayının o biri tərəfindən Xabxu (ölkəsini) keçən, o kəs ki, Mexri, Salua və (Kutmuxu alıb öz sınırlarına qatmış) Urartu ölkələrinə qədər kumanların geniş ölkəsini öz ayağına düşürmüşdü.
Hələlik kuman boyları haqqında asur mənbələrində son yazı olan bu bəlgə asurların geniş Kuman ölkəsinə verdiyi böyük önəmi ortaya qoyur. Ola bilər ki, hələ oxunmamış çoxsaylı asur kitabələri içində kuman boyları ilə bağlı əlavə məlumatlar vardır, çünki sonralar bu ölkə Asur vilayətinə çevrilmişdi. Bunu Cudi dağında asur çarı Sinaxxeribin (705-681) qoyduğu yazıda görmək olur: (272)
O zamanlar ki, Kutmux əyalətinin sərhəddindəki Cudi dağının yüksəkliklərində qartal yuvası kimi yerləşən Tumurra, Şarim, Xalbuda, Kipşa, Ezama, Kua və Kana kəndləri, hansı ki qədimdən, mənim sələflərim çarların vaxtında güclü və qürurlu idilər, hakimiyət qorxusunu bilmirdilər, mənim hakimiyətim dövründə tanrılar onları tərk etdi və onları əliboş qoydu...
Bu yazıda kuman boyunun adı çəkilməsə də, Cudi ətəyində yaşayan bu boyların artıq dağıdılandan sonra əhəmiyətini itirmiş əvvəlki başkəndi Kipşa ilə birlikdə digər yaşayış məskənlərinin də uzun müddət Asura tabe olmadığı aydınlaşır. Görünür, əvvəllər bac-xərac verməklə müstəqilliyini saxlaya bilən Kuman ölkəsi yalnız VIII əsrin sonunda və ya VII əsrin əvvəllərində Asur əyalətinə çevrilmişdir. Bu isə o dövrə təsadüf edir ki, artıq Kuman ölkəsinin doğu sınırındakı Azərbaycanda Mana və ardınca qüdrətli Mada dövləti ortaya çıxmışdı.
«Mxer-qapısı» adlanan urartu yazısında və Tuşpa (Van) şəhərində tapılmış IX əsrin sonunda çar Menua dövrünə aid bir yazıda Kuman şəhəri (ölkəsi) haqqında məlumat vardır. Bu ikinci yazıda göstərilir ki, növbəti yürüş vaxtı urartu əskərləri «…Kumenu şəhərinin (ölkəsinin) o biri tərəfində Asur ölkəsinə qədər gedib, …(pozuq)…çatdı». (273)
Yazıdakı pozuq yer, çox güman ki, qut boylarının əraziləri ilə bağlıdır, çünki quzeydən gələn urartu qoşunu Kuman ölkəsindən sonra Asur ərazisinə girmək üçün qutların məskənindən keçməli idi. Belə ki, asurlar da quzeyə gedəndə Kuman öləksinə girmək üçün qutların Ərbil bölgəsindən keçirdilər. Hər halqa, quzey tərəfində Urartu, güney-batı tərəfində Asur kimi qudrətli dövlətlərin olmasına baxmayaraq, Kuman ölkəsi 4-5 əsr ərzində bu dövlətlərin heç birinə tabe olmamışdır. Görünür, qonşuluğundakı hər iki təcavüzkar dövlətin vaxtaşırı hücumları qarşısında kuman boylarının xeyli hissəsi Urmu gölünə tərəf çəkilmiş, sonralar buradan Türküstan və Sibir tərəfə keçmişlər. Kuman boylarının bir qismi də zamanzaman Quzey Azərbaycana, Göyçə gölü yaxalarına çəkilmiş və buradan Quzey Qafqaza keçmişlər.
Tədqiqatçılar doğudakı kumanları İrtış hövzəsində formalaşan Kimek xanlığı tərkibindəki boylardan sayırlar. Qardizinin qeyd etdiyinə görə, Kimek yolu üzərindəki bir bozqır sahəsi Ulu Kuman adlanırdı. (274) Nəzərə almaq lazımdır ki, kuman boyları getdikləri yerlərə öz etnonimlərilə yanaşı bəzi toponimlərini də aparmışlar. Özlərini indi kumandı-kiji (kumanlı-kişi) adlandıran boyun bir hissəsi Altayda Solton və Staraya Barda (Əski Bərdə) bölgəsində, Lebed və Viya çayı hövzəsində Aşağı-Kumanlı, Yuxarı-Kumanlı adlı kəndlərdə yaşayırlar.
Burada Yeti-Kuman toponimi vardır. Kuman boyları içində şəxs adı kimi də işlənən Koban etnoniminə Quzey Qafqazda Kuban çayı, Kuban düzü şəklində rast gəlmək olursa, onlar vaxtilə ətəyində yaşadıqları Xarusa dağının adına da Azərbaycan və Doğu-Anadolunun müxtəlif bölgələrində ikinci həyat vermişlər: Xoruz-dağ, Qorus, Qars, Xoruzlu və sairə. Sonralar qədim rus salnaməsində kuman bəylərindən birinin Xoruz adlanması da ola bilər ki, burada özəl şəxsadı kimi yox, həmin bəyin mənsub olduğu boyu bildirən soyadı kimi işlənib.
Van gölünün güney-batısındakı Xoruz toponimi indiyəcən qalmışdır. Kumanların Xunus toponimi Anadoluda və Şamaxı, Gədəbəy, Kürdəmir bölgələrində Xınıs, Xunus, Xınıslı kəndlərinin adında yaşayır. Bu baxımdan, Tala, Saka, Tumurru, Kua, Koban, Şarim və başqa qədim kuman toponimlərinin də sonralar bu və ya digər türk bölgəsində yenidən üzə çıxması kuman boylarının doğu və quzey yönlərə miqrasiyasını göstərir. Şarim toponimi isə sarı sözünü və yuxarıda dediyimiz «sarışın» epitetini xatırladır. Kuman bəyliyindən güneydə (Zaxo-Mosul yolu) indi də Sarukani köyü vardır. Yazılı qaynaqlarda kuman və qıpçaq etnonimləri sinonim kimi işlənir. Ola bilsin ki, qıpçaq adı kuman boylarının bir bölüyü olmuşdur. Bu baxımdan, Kuman bəyliyinin paytaxt şəhərinin Kibşa (Kipşu) adı ilə kıpça(k) sözünün yaxınlığı diqqəti çəkir, çünki mixi yazıda «ş» səsini bildirən işarə «ç» kimi oxuna bilir.
Kuman etnoniminin kimek, yemek, imek boyadları ilə müqayisəsi üzərində çox dayanılsa da, hələlik bu adların eyni boya aid olması isbat olunmamışdır. Vaxtilə, M. Kaşqari də yemek boyadını izah edərkən bu fikri söyləmişdir: «Biz bunları bir qıpçaq boyu saydıq, lakin qıpçaqlar özünü ayrı bir bölük sayır». (275)
Qaynaqlar Kuman bəyliyinin dövlət quruluşu haqqında məlumat vermir, lakin bu ölkənin elbəyi («çarı»), 20 minlik qoşunu, Kibşa (Qıbça) adlı başkəndi vardır. Qaynaqlar Kuman ölkəsinin böyük qala və şəhərləri, bunların bişmiş kərpiçdən tikilmiş hündür divarları və bürcləri olduğunu qeyd edir, elbəyin sarayından söz açır. Kuman boylarının tapınağı Xunus şəhərində yerləşir. Buradakı məbudun adı verilməsə də, onun qənimət kimi Asura aparılması qeyd olunur. Kuman elbəylərindən yalnız birinin adı bəllidir. O da İluy və ya İluya adını daşıyan X əsrdə asurlara məğlub olmuş elbəydir. Kuman ölkəsində yarımoturaq əhalinin çoxlu mal-heyvan saxlaması da bəllidir.
Sinaxxeribin yazısından bəlli olur ki, Kuman bəyliyi VII əsrə qədər müstəqilliyini saxlaya bilmişdir. Asur hücumlarına beş əsr dirəniş göstərə bilən kumanlar asur ekspansiyasına qarşı qonşu bölgələrə də kömək edir. Lakin VII əsrin əvvəlində artıq Kuman bəyliyi dağılır. Görünür, Subar bəyliyindən öncə asurlar Kuman bəyliyini tutub, Asur vilayətinə çevirmişdir. Bu da maraqlıdır ki, qıbçaq (kuman) boylarından biri Atabəylər çağında yenidən bu dağlıq bölgədə müstəqil bir bəylik qurdu. Buradakı türkmənlərə güvənən Arslantaş oğlu qədim Kuman bəyliyinə yaxın olan Mosul bögəsində Şəhrizur qalasını siyasi hakimiyət mərkəzinə çevirdi, lakin az sonra Mosul atabəyi İmadəddin Zəngi (1127-1146) həmin qıpçaq bəyliyini özünə tabe edə bildi.
Yeri gəlmişkən, bunu da diqqətə alaq ki, basırıqlar yanında daşbaba heykəli və balbal qoymaq gələnəyi bir çox türk boylarında vardır, lakin bu heykəllərin sağ əlində kasa, sol əli kəmərdə olan özəl növü kuman-qıpçaq boylarına aid olub onların məskunlaşdığı yerlərdə görünür. Kuman-qıpçaq boyları qədim türk daşbaba gələnəyini türklərin Atayurdundan quzeyə, Qafqaz üzərindən Doğu Avropaya, doğuda Altayacan aparmış, bu gələnək Qıpçaq çölü boyunca yayılmışdır. Bu daşbabaların ən qədim örnəkləri isə hələlik haqqında danışdığımız Kuman bəyliyində (Hakkari), Savalan dağı ətəklərində və Astara, Abşeronda tapılmışdır. (276)
Kuman boylarının güclü olduğu çağlarda onların oturduğu bütöv bölgə Kuman ölkəsi adlanmışdır; Marko Polo (1254-1324) Quzey-Qafqazı və Xəzərin quzey-batı yaxalarını Komaniya adlandırmış, əl-İdrisi (XII əsr) Avropanın güney-doğu hissəsindəki bozqırı Qara-Kuman, Ağ-Kuman şəklində iki yerə ayrıldığını qeyd etmişdir. Miladdan öncə Kiçik Asiya və Dəclə yaxasında olduğu kimi, Miladdan sonra da II minilliyin müəyən çağlarında bütöv Qıpçaq Bozqırı, Rumıniya, Macar çölləri Kumaniya, Komaniya kimi tanınmışdır. Kuman, Koman, Kumanova (Kuman-oba) toponimlərinə isə kuman boyunun ayağı dəydiyi Avrasiyanın müxtəlif guşələrində rast gəlmək olur.
Kuman bəyliyi dağılandan sonra buradakı kuman boylarının bir bölümü Güney-Anadoluya, xeyli hissəsi isə Azərbaycana köçdü. Sonralar Azərbaycan üzərindən quzey və doğu yönlərə keçmiş, özəlliklə, Doğuya getmiş kuman boyları Göy-Türk, ardınca Uyqur dövlətinin süqutundan sonra başqa boylarla birlikdə batıya üz tutdu. Bu böyük köçün səbəbini XI əsrin tarixçiləri əl-Marvazi və Efesli Matvey belə izah edirlər ki, kai boyu tərəfindən sıxışdırılan sarı boyları türkmən, quz və peçeneq yurdlarına doğru getdilər. Onlar Aralüstü bölgələrdəki qıpçaqlara birləşib İtil çayını keçdilər. Sanki, minillər boyu suvar, saqa, qamər, hun, avar, xəzər, quz, peçeneq atlılarının tapdağına çevrilmiş İtil-Don-Dnepr ovalarında əvvəlki soydaşlarının taleyini yaşamaq qisməti yeni yaranmış sarı (kuman)- qıpçaq boy birliyinin də alın yazısında varmış.
Yerlərindən qopub sarı boylarına qoşulan qıpçaqlar böyük qüvvəyə çevrilmiş bu yeni köç dalğasının sanbalını daha da artırdı və bu dalğa artıq XI əsrin ortalarından rus knyazlıqlarına və Avropanın digər güneydoğu ölkələrinə etdiyi akınlarla tarixə düşdü. Səkkiz boy birləşməsindən yaranıb, 150 il buralarda at oynadan peçeneq hegemonluğu da kumanların gəlişilə bitdi. Əlbəttə, bu həmişə olduğu kimi, kumanların türksayağı sadəliyindən bacarıqla istifadə edən Bizansın hiyləsilə gerçəkləşə bildi.
Savaşa 20 minlik ordu çıxara bilən Kuman bəyliyinin təpərli döyüşçüləri vardı. İslamaqədər kuman-qıpçaq əskərləri subarlar kimi döyüşkən xalq kimi tanınmışdı. İbn əl-Əsir yazır ki, 722-ci ildə Mərc əl-Hicarə adlı yerdə ərəb ordusunu məğlub edib, Şam tərəfə qovan xəzərlərə qıpçaq (kuman) döyüşçüləri yardım etmişdi. İslamdan sonrakı çağlarda daha çox muzdlu əskər kimi bu və ya digər ölkənin ordusuna yardım edən kuman boyları hərb sənətində irəli getmişdilər.
Peçeneqlərin Bizansın mərkəzinə soxulmağından qorxuya düşən imperator A. Komnin bütün «xristian dünyasına» müraciət edib kömək dilədi. Lakin onun çağırışına xristianlar deyil, müttəfiqlik və böyük ödənc təklifi almış 40 min kuman atlısı gəldi, peçeneqləri geri oturdub, Bizansı xilas etdi. Ancaq kumanlar öz səhvini döyüş gününün sabahısı başa düşdülər; səhər açılanda gördülər ki, Bizans əskərləri gecə ikən xəlvətcə 30 min peçeneq əsirini qadın və uşaqlarla birlikdə qılıncla doğrayıb. Bu faciəli mənzərəni görən kuman əskərləri nifrətlə oranı tərk etdilər.
Kuman-qıpçaq boyları ilk monqol dalğasına qədər İtil və Dnepr ovalıqlarına, güney Rusiyadan Qafqaz dağlarına qədər Kuban çöllərinə, bütöv Qıpçaq Bozqırına nəzarət edirdilər. Ona görə də, Bizans-kuman, rus-kuman, macar-kuman, hətta gürcü-kuman əlaqələrinə dair həmin çağlarda xeyli tarixi bəlgələr yaranmışdı. Bu dövrdə kuman dilini öyrənmək üçün yazılan məşhur «Kodeks Kumanikus» adlı əsərin ortaya çıxması regionda kuman hegemonluğunu görən missionerlərin mövcud duruma gerçək baxışının nəticəsi idi. Kuman döyüşçüləri ilə rus knyazları arasında vaxtaşırı savaşlar olur, bəzən də bir rus knyazı yeni əraziyə yiyələnmək üçün kumanlarla ittifaqa girib, başqa bir knyaza hücum edirdi. Hər iki halda kumanlar (polovets) ruslarla qarşı-qarşıya gəlirdi. O dövrün rus salnamələri kuman boyları ilə bağlı qiymətli bilgilər verir. Məşhur kuman xanları Tuqorxan, Bonyak (Bənək), Şarukanın simasında rus folklorunda dəhşətli düşmən kimi Bunyak Şeludivıy-xişnıy, Tuqorin Zmeyeviç, Şarkvelikan obrazları yaranmışdır. Bu adları Bizans imperatorunun qızı Anna Komnin yazısında Tuqortaq (Tuqorkan) və Manyak (Bunyak) şəklində verir.
Kumanların daha çox batı qanadında görünən, Bizans və Rusiya ilə savaşdan çox diplomatik əlaqələrə üstünlük verən Bonyak xan 1167-də 90-95 yaşında ölənə qədər çoxlu savaşlarda olmuşdu. Belə savaşların birində Bonyak döyüşdən qabaq gecə çadırından çıxıb bir az uzaqlaşır və üzünü göyə tutub qurd kimi ulayır, bozqırdan səsinə hay verən bozqurdun cavabını eşidəndən sonra çadıra qayıdır və sabahkı döyüşdə qələbə çalacağını deyir. Qədim rus dilindəki qaynaq 1097-də baş vermiş həmin olayı belə verir: «…i yako bist polunoşi i vstav Bonyak i otyexa ot rati i poça volçski vıti». (278) Bonyakın başqa bir yürüşündə başına toplanan bəylərin adında kuman soy-boy qurumu ilə də tanış oluruq: (279)
Ulaşeviç - Ulaş boyu
Burçeviç - Börüce boyu
Terterebiç - Tərtər boyu
Toksobiç - Doqquz-oba
Yetebiç - Yeddi-oba
Kuman antroponimləri içərisində müxtəlif heyvan adlarından düzəlmiş adlara rast gəlmək olur, lakin bunların sırasında itlə bağlı adlar daha çoxdur. Kuman dövrünün sonlarında ruslarla evlənmə, Avropada macar, slavyan, rumın xalqları ilə qaynayıb-qarışma, bəzi hallarda isə xristianlığı qəbul etmə ilə əlaqədar kumanların xristian adı daşıdığını görmək olur, lakin əksər hallarda kuman antroponimiyası türk şəklini saxlamışdır:
Zooantroponimlər:
Koryaz Kolotanoviç ( Xoruz)
Burçe (Börücə)
Beq-Bars (Bars-bəy)
Koçi (Qoç)
Yaroslanopa (Arslan-aba)
Başkord (Baş-qurd )
İtoqliy (İt-oğlu)
İtlar (İtlər)
Bonyak (Bənək)
Kobyak (Köpək)
Konçak (Kancıq)
Barak
Türkcə adlar:
Aklan, Atrak, Asaduk, Azqulu,
Beqlük, Belduz, Koban, Kitan,
Kopti, Kosus, Kunyaçuk, Kurtik,
Çuqay, Çilbuk, Sırçan, Surbar,
Seluk, Totura, Tarsuk və s.
Xristian adları:
İzay Bilyukoviç
Sıdvak Kulobiçskiy
Samoqur Sutoyeviç
Yaropolk Tomzakoviç
Roman Koziç , Danila
Yuriy Konçakoviç
Sarıxan öləndən sonra onu əvəz edən oğlu Sırçan ulusun başında durur, digər oğlu Atrak isə güney bölgələrə nəzarət edir. Vaxtilə Sarıxanın adı gələndə qorxuya düşən qonşu ölkələrin başçıları Sırçan və Atrakdan da çəkinirdilər. Başçılıq etdiyi boylarla Kuban çöllərində oturan Atrak bəy gürcü çarı II Davidin (1088-1125) dəvəti ilə Gürcüstana gəlir və 40 min ailəni bu ölkənin güney bölgələrinə yerləşdirir, özü isə çarın sarayındakı elitaya qoşulur. Bir müddət sonra Sırçan bəy qardaşının Kuman ölkəsinə qayıtması üçün elçi göndərir. Sarıxanın bir-birindən aralı düşmüş oğulları haqqında o çağın rus salnaməsi bənzərsiz bir melodramatik mövzunu qələmə almışdır. Belə ki, dəbdəbəli saray mühitindən Atrakı ayrıla bilməsi üçün Sırçan bəy Orev adlı sevimli ozanını çağırıb tapşırır ki, gedib qardaşını bozqıra qaytarmaq üçün ona kuman nəğmələri oxusun, əgər təsir etməsə, apardığı yovşanı ona iylətsin:
Poy je yemu pesni polovetskiye… dai yemu pouxati zelya imenem yevşan.
«Ona kuman Türküleri oxu, yovşan ver qoxulasın» (Плетнева, 1990, 97).
Və təbii ki, Atrak bəyin bozqıra qayıtmasına əsas səbəb kuman türküsündən daha çox, körpəlikdən qoxusuna alışdığı Qıpçaq Çölünün yovşanı oldu. Sonralar Tamaranın hakimiyəti dövründə də Gürcüstana xeyli kuman ailəsi gəlib yerləşdi. Bu cür məskunlaşma batı ölkələrdə də özünü göstərirdi. Artıq kuman boylarının başqa xalqlar içində ərimə mərhələsi yetişmişdi, çünki Qıpçaq Bozqırına doğudan daha qüdrətli yeni bir axın girmişdi və onun dalğası az müddətdə Karpat dağlarına çatdı. Yeni monqol təzyiqindən qaçan 40 min kuman ailəsi XIII əsrdə Böyük Macar ovalığına sığındı. Kuman soyundan seçilən macar kralları isə XIV əsrdə Macarıstanı Avropanın ən qüdrətli dövlətinə çevirə bildi.
İndiki Rumınya da o çağlarda Kumaniya adlanırdı, 1330-da Rumın dövlətinin qurucusu kuman bəyi Basar-Abanın adı isə bu ölkənin quzey bölgəsi Basarabianın adına çevrildi. Kuman soyundan olan bəylər orta əsrlərdə Macar, Rumın, Bolqar dövlətlərində, Anadolu, Suriya və Misirdə qurulan bəzi dövlətlərin başına keçə bilmişlər. Bunların sırasında Misir məmlük sultanı qüdrətli Bəy Bars xüsuslə fərqlənir. Onun vaxtında Misir dövləti ən qüdrətli çağını yaşamış, monqol-tatar axınının qarşısı burada alınmışdır.
Sonrakı kumanlardan söhbət açmağın nədəni onların qüdrətli türk boylarından olmasını göstərməkdir. Belə ki, vaxtilə Asur-Urartu kimi böyük dövlətlərin arasında müstəqilliyini saxlaya bilməsinin bir səbəbi Kuman ölkəsinin dağlıq ərazisi idisə, ikinci səbəb də onların döyüşkən bir boy olması idi. Subar bəyliyində olduğu kimi, ətrafdakı despotik rejimli ölkələrdən qaçıb Kuman bəyliyinə sığınanlar vardı. Asur çarının Kipşu şəhərində sığıncaq tapan 300 qaçqın ailəsini geri qaytarması haqqındakı bəlgə yuxarıda verilmişdi.
Beləliklə, İkiçayarasında Subar eli dağılandan sonrakı minillərdə zaman-zaman islamaqədər subar, az, qaşqay, lulu-qut, bulqar, turuk, saqa, qamər, kumuq və sair türk boyları kimi, kumanlar da müxtəlif yönlərə köçmüş, getdiyi yerlərə İkiçayarasındakı türk onomastikasını və türk gələnəklərini daşımışlar. Avropada üzə çıxan rəsm və qabartmalarda kuman atlılarının arxaya ox atma başarısı qədim türk savaş taktikasını əks etdirdiyi kimi, qədim Kuman bəyliyində (Hakkaridə) tapılan daş heykəllər də Dəclə yaxasından qədim türk daşbaba-daşnənə gələnəyini quzey və doğu ölkələrə aparan boyların əsasən kuman-qıpçaqlar olduğunu göstərir. Belə bəlgələr həm də Urmu teoriyasının gerçək duruma dayandığını sərgiləyir.
Prof.Dr.Firudin Ağasıoğlu Celilov
Doqquz Bitik: Bitik 3
AZƏRBAYCAN TÜRKLƏRININ İSLAMA QƏDƏR TARIXI
dipnotlar:
266) ТУ, 101.
267) Мещанинов, 1978, 358, 375.
268) АВИИУ, no.7.
269) Eyni qaynaq, no.14.
270) Eyni qaynaq, no.10.
271) АВИИУ, no.20, no.21.
272) АВИИУ, no.58.
273) УКН, no.28.
274) Плетнева, 1990, 205.
275) MK, III. 29
276 Bax.I Bitik, «Daş adam heykelelri (daşbaba)» bölmesi; Kuman bəyliyi haqqında etdiyim məruzələrdən, yazdığım məqalədən (Ağasıoğlu, 2000, 45) bir neçə il sonra bu bəyliyin ərazisində olan Hakkaridə 13 daşbaba və daşnənə tapıldı (Sevin, 2005).
278) Плетнева, 1990, 102.
279) Bu adlardakı «b» elementi də qədim boy adlarına qoşulan (eb, oba, bi) morfemi kimi diqqəti çəkir. Qut elbəylərinin adındakı «aba» sözü isə gələnəksəl olaraq, kuman şəxs adlarında davam edir: Arslan-aba, Basar-aba və s.
Pomponius Mela ( MS 1.yy) Romalı coğrafyacı'nın kitabında geçen Türk boylarından biri de
COAMANİ, yani KUMANLAR'dır.
İSKİTLER
COAMANİ (KUMAN)
İSKİT, AMAZON, HYPERBOREAN (AVAR), CHOMARİA, MASSAGETA (TOMRİS), CADUSİA, HYRCANA
CİMMER, ASHAEİ (AĞAÇERİ), MOSCHİ (MUŞKİ), RİPHAEES (GOMER'İN OĞULLARINDAN)